Zəngəzur dəhlizinə gedən yol Zəngilandan keçir

19 Oktyabr 2021 12:54 (UTC+04:00)

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatı sədri

Tarixə nəzər salsaq XIX əsrin əvvəllərində Qafqazın Çar Rusiyası tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparıldığını görə bilərik. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Bunun nəticəsində qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 1993-cü il oktyabrın 29-da Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. Zəngilan Azərbaycanın işğal olunan sonuncu rayonudur. Zəngilanın işğal altında olan dövrdə erməni barbarları tərəfindən Azərbaycan xalqına məxsus hər şey məhv edilib, məscidlər və qəbiristanlıqlar dağıdılıb, əraziyə minalar yerləşdirilib. 30 il ərzində Azərbaycan xalqının heç bir zaman işğalla barışmayacağını, ərazi bütövlüyümüzün təmin olunacağını, bunu tarixi ədalətin və beynəlxalq hüququn tələb etdiyini söyləyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bunu öz qətiyyəti ilə təsdiq etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə öz yerini aldı.

Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Vətən müharibəsi dövründə Azərbaycan xalqı Prezident İlham Əliyevin hər gün işğaldan azad olunan əraziləri açıqlamasını, xoş xəbərlər verməsini səbrsizliklə gözləyirdi. 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan azad olunması xəbəri Azərbaycan xalqını, xüsusən də öz doğma yurdlarından ayrı düşən Zəngilanlıları sevincə boğdu.

Zəngilanın işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.

2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı.

Ölkəmizin mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı faşist siyasətin nümunəsidir. Son 27 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində istifadəsi mümkün olmayan təbii sərvətlər, Ermənistanın kriminal fərdləri tərəfindən çıxarılaraq digər ölkələrə ixrac edilib. Erməni cəmiyyətinə məlum olmalıdır ki, işğal altında olan torpaqlarda istismar olunan sərvətlərdən gələn gəlirlər, heç zaman monoetnik erməni milləti arasında bölüşdürülməyib. Yalnız öz şəxsi mənafeyinə xidmət edən fərdlərin qanunsuz şəxsi yığım, satış və sərvət toplaması hüquqi cəhətdən cinayət predmetidir.

Zəngilanda bu gün yenidənqurma işləri sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Mənfur düşmən tərəfindən dağıdılmış Zəngilan şəhərində aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə nəzarət edən Prezident İlham Əliyev burada icra olunan layihələrin regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacağını bildirib.

Qürurla söyləyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Azərbaycan ordusuna borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda, o cümlədən Zəngilanda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu çətin və şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik! yap.org.az