"Azərbaycan-Türkiyənin çətində, xoş gündə bir yerdə olması bir ənənədir" - MÖVQE BİLDİRİLDİ

19 Oktyabr 2021 12:35 (UTC+04:00)

"Azərbaycan və Türkiyənin çətində də, xoş gündə də bir yerdə olması bir ənənədir. Bu möhkəm dostluğun, qardaşlığın, bir millət iki dövlət olmağın bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu aspektdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Azərbaycanda olması və bu möhtəşəm günü Azərbaycan Prezidenti ilə, Azərbaycan xalq ilə bir yerdə keçirməsi təbii qəbul olunmalıdır.

Elçin Mirzəbəyli bu haqda fikirlərini belə izah edib: "Bu Türkiyə-Azərbaycan qardaşlığının bir nümunəsidir. Bizi tarixi köklər, ortaq mənəvi dəyərlər, ortaq dil, ortaq mədəniyyət və regionda həyata keçirdiyimiz çoxsaylı layihələr birləşdirir. Azərbaycan-Türkiyə münasibətləri təkcə sadaladığım amillər üzərində deyil, eyni zamanda siyasi liderlərin möhkəm dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərdə liderlərin tutduğu mövqe çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, bir-birinə qardaşım deyən və bu fikirlərlə Azərbaycan-Türkiyə əlaqələrinin mahiyyətini ortaya qoyan iki dövlət başçısının münasibətləri bizim gələcək inkişafımız üçün, birliyimiz və həmrəyliyimiz üçün də müstəsna əhəmiyyət kəsb edir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. 44 günlük müharibə ərzində, daha sonrakı proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun komandasının eyni zamanda bütövlükdə Türkiyə xalqının öz azərbaycanlı qardaşları ilə birlikdə olduqlarını nümayiş etdirməsi bizim sözdə deyil, əməldə vahid bir millət, vahid bir xalq olduğumuzu nümayiş etdirən amildir. Türkiyə Azərbaycanı müdafiə etməklə haqqın, ədalətin yanında olduğunu, beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirmişdi. Bu da tarixən bütövlükdə türklərin harda yaşamasından asılı olmayaraq yalnız ədalətin yanında olmasını nümayiş etdirən amildir".