"Rəsmi Bakı 30 il ərzində baş vermiş qanunsuz faktları dünyaya təqdim edir" - POLİTOLOQ ŞƏRH ETDİ

19 Oktyabr 2021 12:03 (UTC+04:00)

“44 günlük Vətən müharibəsi nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşıb və bu reallıqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu yaradıb. Vətən müharibəsindən 1 il keçməsinə baxmayaraq burada illərdir baş verən qanunsuz halların da üstü açılır. Azərbaycan tərəfi torpaqlarının işğal altında olduğu zamanda orada qanunsuz halları müşahidə etsə də, əraziyə nəzarət etməməsi səbəbindən bütün bu faktları dünya ictimaiyyəti qarşısında geniş şəkildə təqdim edə bilmirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, həm dini, həm tarixi abidələrimizin məhv edilməsi, eyni zamanda regionda cinayətkar qruplaşmaların həyata keçirdiyi fəaliyyət müfəssəl şəkildə təhlil edilə bilmədiyi üçün geniş auditoriyanın diqqətini çəkmirdi: “Buna görə də artıq müharibə sonrası yeni məqamlar ortaya çıxır və Azərbaycan Respublikasının Prezidenti bu barədə MDB dövlət başçılarının zirvə görüşündəki çıxışı zamanı danışıb. Azərbaycan-İran sərhəddi Azərbaycan Silahlı Qüvvələrinin və Sərhəd Qoşunlarının nəzarəti altındadır. İranla dövlət sərhəddi təqribən 30 ilə yaxın müddət ərzində Ermənistanın nəzarəti altında olub və 130 kilometrlik hissə nəzarətə götürüldükdən sonra burada baş verən qanunsuz halların qarşısı alınıb”.

İlyas Hüseynov vurğulayıb ki, İrandan Azərbaycanın Cəbrayıl rayonuna keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşurutu artıq bağlanıb: “Azərbaycan-İran sərhəddinin digər hissələrində bu gün müşahidə olunur ki, tutulan heroinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu da o deməkdir ki, işğal dövründə həmin ərazilərdən narkotrafik Qərb marşurutu üzrə hərəkət edib. Bu gün isə həmin marşurut bağlandıqdan sonra digər yollarla bu narkotik vasitələri Qərbə nəql etmək istiqamətində İran hələ də fəaliyyət göstərir. Təqribən 30 il müddətində Ermənistanla İran əlbir olaraq Azərbaycanın işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Dəfələrlə Azərbaycan tərəfi bəyan edib ki, işğal olunmuş ərazilərdə narkotrafik məqsədilə beynəlxalq terrorçuların hazırlanması, müxtəlif qruplaşmaların təlim keçməsi və digər destruktiv hərəkətlər həyata keçirilib. Bu artıq təkzibolunmaz faktlardır. Bu gün də rəsmi Bakı 30 il ərzində baş vermiş qanunsuz faktları dünya ictimaiyyətinə təqdim edir və beynəlxalq instansiyalara çatdırır”.