“Qarşıya qoyulan məqsəd aydın, verilən mesaj dəyərlidir” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

19 Oktyabr 2021 11:57 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı ölkəmizin rəhbərinin sülhməramlı məqsədlərə xidmət etdiyini bir daha göstərdi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, öz çıxışında Prezidentimiz erməni təcavüzkarlarının 30 ildə Azərbaycan ərazilərində törətdiklərinin qısa və aydın xronikasını verib, işğal altında olan şəhər və kəndlərimizin, məscidlərimizin, tarixi, dini, mədəni abidələrimizin, inzibati və yaşayış binalarımızın tamamilə məhv edildiyini, sökülərək İrana və İrəvana daşındığını bildirib.

“Dövlət rəhbəri bir daha xatırladıb ki, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Xirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi iki bina salamat qalıb. Orada Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.

Cənab Prezidentin gətirdiyi faktlar erməni vəhşiliyinin, qəddarlığının bir nümunəsi olmaqla bərabər, həm də beynəlxalq təşkilatların bu təcavüzə vaxtında cavab verməmələrinin nəticəsidir. Viran qoyulan şəhər və kəndlər, dini, mədəni, tarixi abidələr, zəhərlənən göllər, çaylar, qırılan meşələr, qətl edilən insanlar illərlə beynəlxalq təşkilatları maraqlandırmayıb, nəticədə erməni faşizminin əhatəsi genilşlənib. Ancaq Azərbaycan Prezidenti, şanlı ordumuz nə qədər çətin olsa da bu işğala son qoyub, 44 günlük müharibədə tarixi qələbə qazanılıb və bildirildiyi kimi, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələri yerinə yetirilib.

Ölkəmizin başçısı çıxışının sonunda özünün sülhsevərliyini dünyaya bir daha bəyan edərək deyib: “Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün, qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq. Həmçinin, Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.”

Qarşıya qoyulan məqsəd aydın, verilən mesaj dəyərlidir. Hər iki xalqın normal yaşaması üçün çox faydalıdır. Əlbəttə, Ermənistanın da bu yolda atdığı addımlar, münasibətlərin yaxşılaşmasına və sülhün təmin edilməsinə yönəldilməlidir. Məram və fəaliyyət əməkdaşlığa, inkişafa xidmət etməlidir. Belə olan halda Azərbaycanla Ermənistan arasında gələcək münasibətləri qurmaq və xalqların daha yaxşı yaşamasına zəmanət vermək olar”, deyə Tahir Rzayev bildirib.