"Almaniya Türkiyə ilə əlaqədə maraqlı görünür" -POLİTOLOQ MÖVQE BİLDİRDİ

19 Oktyabr 2021 11:57 (UTC+04:00)

"Türkiyə və Almaniya arasında əlaqələrin digər Avropa ölkələri ilə müqayisədə müəyyən qədər müsbət çalarlarla inkişafının şahidi oluruq". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Angela Merkel ilə Ərdoğanın hakimiyyəti illərində müəyyən qədər ciddi problemlər olmuşdu. Almaniyada PKK və FETÖ terrorçularına sığınacaq verilməsi son illər Almaniya ilə Türkiyə arasında soyuq münasibətlərin formalaşmasına gətirib çıxarmışdı. Ancaq Türkiyənin Suriyada və Livyada uğurlu hərbi əməliyyatları, həmçinin, Suriyadan qaçqın axının Türkiyə tərəfindən qarşısının alınması Almaniya ilə Türkiyə arasında siyasətin yumşalmasına səbəb oldu.

Məhəmməd Əsədullazadə bu haqda fikirlərini belə izah edib: "Çünki Angela Merkel bu qədər suriyalı miqrantın Aİ-yə daxil olması və nəticədə Almaniyaya daxil olmasının miqrant problemi yaradacağını düşünürdü. Ümumiyyətlə, Angela Merkelin vida səfəri göründüyü kimi birinci İsraildən başladı. İsrail də Yaxın Şərqin ən önəmli ölkəsidir. Türkiyə də artıq son günlər beynəlxalq müstəviyə təsir edən proseslərdə NATO ölkəsi olaraq çıxış edir. Düşünürəm ki, cənab Ərdoğan bundan sonrakı Almaniya-Türkiyə əlaqələrinin inkişafı istiqamətində öz planlarını Merkelə təqdim edib. Merkel də bu yeni planı təzə hökumətə təqdim edəcək. Hesab edirəm ki, bu səfər uğurlu olub. Siyasi-iqtisadi əlaqələrin inkişafı, miqrasiya problemi, Avropa Birliyinə Türkiyənin üzvlüyü kimi məsələlər Almaniya ilə Türkiyə arasında müzakirə olunan əsas predmetlər olub. Ümumiyyətlə, göründüyü kimi Almaniya Türkiyənin son günlər Yaxın Şərqdə, balkanlarda, şərqi Avropada apardığı siyasətə dəstək verir və bundan sonra da bu dəstəyin davam etdirilməsi gözlənilir. Çünki Türkiyə NATO ölkəsidir və proseslər NATO-nun təhlükəsizlik sferalarına xidmət edir. Ona görə də, Almaniya Türkiyə ilə əlaqədə maraqlı görünür".