Koronavirusa görə məktəblər yenidən bağlanır? - DİQQƏT! - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

19 Oktyabr 2021 11:52 (UTC+04:00)

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb COVİD-19-a yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0.4 faiz ətrafındadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var: "Hal-hazırda payız fəslidir və mövsümü xəstəliklər var. Amma bütün istiliyi olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil".

2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxaq, eyni dövrdə 33897 azyaşlı uşaqlarda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizinteriya və s. xəstəliyinə yoluxub. Çox təəssüflər olsun ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub.

Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir.

22 sentyabra qədər Təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin, mənim bütün sosial şəbəkə hesablarına hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir. Böyük əksəriyyət təhsil alanlar tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyata, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür.
Amma yeganə bu qaydalara riayət olunan təhsil müəssisələrini problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. "İphone 13" mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmən dükanlara giriş edənlərin sayı 1200-nəfərdən çox olub.

Hər gün "MALL" və digər istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmən yerlərə gediş könüllü, məktəbə məcburidir. Həmən istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideyinlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər.

Əgər təhsil müəssisələrində dərslər dayanıb onlayn-distant tədrisə keçirilsə nə olacaq? 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu daha təhlükəlidir. Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq.

Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, ya da mövcud vəziyyətdən sui-istifadə etmək cəhdini edir. Ümumilikdə isə, bu bizim üçün virusdan daha təhlükəlidir.

Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsil alma formalarından istifadə olunsun.

1. Hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.

2. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün onlayn-distant dərslər təşkil edilsin. Amma daha "Microsoft Teams" platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan.

Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi "BLACKBOARD" proqramı ilə. Belə ki, kamera və mikrafon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya QAYIB yazılır. Müəllim də dərsdən 45 dəqiqə orta məktəbdə, 80 dəqiqə universitetdə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir, əmək haqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir.

3. İştirakçı nə ənənəvi, nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır.

Hesab edirəm ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır.

Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir".

Ayşən Vəli