Ermənistan niyə “Qafqazın lideri” ola bilmədi?

19 Oktyabr 2021 11:37 (UTC+04:00)

...Cənubi Qafqazın inteqrasiya perspektivi, təcavüzkar təbliğatla müşayiət olunan bölgədə uzun illər davam edən münaqişələr səbəbindən hələ də çoxlarına xəyali olaraq görünür. Bu gün istisnasız olaraq bir yerdə yaşam tərzini rədd edən erməni təbliğatı həmişə Azərbaycana qarşı təcavüzünü “Qarabağın mədəni irsinin qorunması üçün müdafiə siyasəti” kimi təqdim edib və hətta utanmadan bunu “əsaslandırmağa” da çalışıb.

Təbii ki, hazırda Cənubi Qafqazın heç bir respublikası qonşularına qarşı düşmənçilik niyyətlərindən açıq şəkildə danışmırlar, lakin ardıcıl olaraq öz əhalisini “növbəti müharibəyə” hazırlayırlar. Yəqin ki, söhbətin erməni tör-töküntülərinin hərbi-siyasi doktrinasından getdiyini başa düşdünüz.

Xatırladım ki, hələ o vaxt, postsovet məkanında Ermənistan 15 müttəfiq respublikalar arasında 14-cü sırada dayanırdı. Yəni, demək istəyirəm ki, bu ölkə həmişə yedəkdə gedən və buna öyrəncəli bir respublika olub. Amma buna baxmayaraq, iddiaları həmişə boyundan yuxarı olub. Deyim ki, digər respublikalardan fərqli olaraq, ermənilərin bu “yekəxanalıqları”nın cavabını Kreml elə o vaxtlar da “adi hal kimi qəbul edib”. İndi belə görünür ki, bütün bunların əsası varmış.

Beləliklə, xatırladaq: o vaxt “qonşudan qalma dala” prinsipi ilə yaşayan ermənilər 1991-ci il sentyabrın 21-də “müstəqillik” əldə edib guya “müstəqil bir dövlət” oldular. Daha sonra 1998- ci il fevralın 3-də “müstəqil” dövlətin “müstəqi” prezidenti Levon Ter-Petrosyan məcburən “təxtdən salınıb” istefaya göndərildi. Təbii ki, bunun da əsası vardı, yəqin ki, siz bir müddət bundan əvvəl erməni baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsinin tarixinə toxunarkən separatçı qurumun beynəlxalq səviyyədə tanınması şansının hələ 1998-ci ildə əbədi itirildiyini xatırlamış olarsınız... Nə isə, bu, artıq başqa yazının mövzusudur...

Daha sonra, 2018-ci ildə bu dəfə Ermənistanda “məxməri inqilab” baş verdi. Amma təəssüflər ki, Nikol Paşinyanın hakimiyyətə keçməsi xarici siyasətin düşüncə modelində nəinki erkən, heç gələcək üçün dəyişikliyə ümid yaratmadı. Nikolun Ermənistanı tezliklə “bölgənin lideri”, “Qafqazın İsraili” edəcəyi barədə iddia dolu dediyi cəfəngiyyat da sonradan özünü doğrultmadı.

Məsələ bundadır ki, bu gün artıq küçədəki adi bir erməni də Ermənistanın tək başına dirçəlişinin mümkünsüzlüyünü anlayır. Axı, erməni diasporunun və ya təsadüfi kimlərinsə göndərdiyi ianələrlə nə qədər yaşamaq olar? Təbii ki, bu gün ermənilərə ianə göndərənlər bunu “müfi” etmirlər, əslində, onlar da bölgədə öz maraq və siyasi elitalarını güdürlər.

Amma kimə deyəsən? Reallıq budur ki, bu günnəqliyyat blokadası” ermənilərin az-çox olub-qalan sənayesinin məhvinə gətirib çıxarmaqdadır. Hazırda erməni gənc nəsil qazanc və xarici təhsil almaq perspektivləri üçün ölkəni tərk etməyə çalışır. Ölkəni tərk edə bilməyən ermənilər isə, Cənubi Qafqazda millətlərarası ünsiyyət qurma qabiliyyəti olmadan statik bir həyat tərzinə doğru irəliləyirlər.

Təbii ki, bu gün ermənilərin azərbaycanlılarla eyni tarixi və mədəni məkanda yaşamağın mümkün olmadığı barədə erməni təbliğatının tətbiq etdiyi stereotipin zərərini sübut etməyə elə də ehtiyac yoxdur. Bundan əlavə, ermənilər başa düşməlidirlər ki, belə bir təbliğat elə onların özünə, dəqiq desək, ilk növbədə, Qarabağın azsaylı da olsa, erməni icmasına qarşı yönəlib.

Ağasəf Babayev