Qubadlı şəhərinin 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunması - MƏQALƏ

19 Oktyabr 2021 11:18 (UTC+04:00)

"Tarix məni iki səbəbdən qınayacaq: ermənilərin kökünü kəsmək istəyimə görə və bunu istəyib etmədiyinə görə…" (Teymur Ləng)

27 ildir ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məqsədyönlü siyasəti, qardaş ölkələr olan Türkiyə və Pakistanın dəstəyi və ən əsas Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı.

Uzun illərdir mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır!

Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.

Səbinə Şahverdiyeva

Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin “İlk Partiya Təşkilatı”nın sədri