İrəvanın Bakıya qarşı revanşçı hissləri sönməyib ŞƏRH+ANALİTİKA

19 Oktyabr 2021 10:09 (UTC+04:00)

Britaniyalı ekspert: “Ermənistan özünü islam regionunun ortasında qalmış xristianlığın müdafiəçisi kimi təqdim edir”

Bakının, eləcə də bir sıra siyasi mərkəzlərin çoxsaylı siqnallarına rəğmən İrəvanın sülh müqaviləsini imzalamaqdan ciddi-cəhdlə yayınması, həmçinin Ermənistanın müxtəlif siyasi dairələrinin əksinə - revanş xarakterli fikirlər səsləndirmələri belə qənaətə gəlməyə zəmin yaradır ki, qarşı tərəf ümumiyyətlə sülh tərəfdarı olmaması ilə yanaşı, həm də yeni münaqişənin əmələ gəlməsinə şərait yaradır. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda sülhə yaxın olan bəyanatlar səsləndirdi, lakin həmin bəyanatların da hələ ki, söz yığnağından başqa bir şey olmadığı göz önündədir.

Mövzu ilə bağlı Böyük Brtitaniyadan olan jurnalist konfliktoloq, Ermənistan-Azərbaycan münaqişəsi üzrə ixtisaslaşmış ekspert Nil Uotson maraqlı fikirləri ilə yadda qalıb. SİA xəbər verir ki, “Caliber”ə müsahibə verən britaniyalı jurnalist sözügedən məsələnin səbəblərini araşdırıb. Onun sözlərinə görə, Ermənistanda demoqrafik böhran müşahidə olunur və bu paralel olaraq müharibə çağırışlarını da nümayiş etdirir, belə ki, İrəvan tamamilə diasporanın dəstəyindən istifadə edir.

“Bundan əlavə, erməni təbliğatının gücü ondan ibarətdir ki, Ermənistan özünü islam regionunun ortasında qalmış xristianlığın müdafiəçisi kimi təqdim edir, halbuki Azərbaycanda multikulturalizm kifayət qədər inkişaf edib. Ermənistan 1915-ci il “genosidinə” aid mifləri bütün dünya üzrə yayır və bu məsələdə də Qərbə arxalanır.

Fransa, ABŞ və Rusiya erməni diasporunun beşiyidir

Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yönündəki fəaliyyətinin iflasa uğraması ilə bağlı fikirlərini açıqlayan jurnalist-ekseprt bildirib ki, bunun əsas səbəbi Fransanın, ABŞ-ın və Rusiyanın bu quruma həmsədrlik etmələri olub. “Bu ölkələr erməni diasporunun beşiyidirlər ki, erməni tərəfinə loyal davranıblar. Nəticədə biz uzun illər ATƏT-in Minsk qrupunun qeyri-effektli fəaliyyəti nəticəsindəki vəziyyəti müşahidə etdik. Hansı ki, BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnaməsində aydın şəkildə yazılmışdı ki, təcavüzkar ölkə olan Ermənistan hansı öhdəlikləri yerinə yetirməlidir, amma onlar da kağız üzərində qaldılar”, deyə o bildirib.

Revanş məsələsində Ermənistanın əsas müttəfiqləri Rusiya və İrandır

Ermənistanın əsas müttəfiqlərindən biri də onu silahla təmin edən, ərazisində hərbi bazaları olan, infrastrukturlarına və energetikasına nəzarət edən Rusiya və Bakıya qarşı köklənən, Cənubi Azərbaycanda 30 milyon etnik azərbaycanlının yaşadığı İrandır”, qeyd edən britaniyalı jurnalist Zəngəzur dəhlizi ilə bağlı da mülahizələrini irəli sürüb. Nil Uotsona görə, bu nəqliyyat dəhlizi Naxçıvan Muxtar Respublikasını Ermənistan üzərindən Azərbaycanın yerdə qalan hissəsi ilə bağlayır. Ermənistanın adıçəkilən dəhlizin açılmasına qarşı çıxmasının səbəbi isə onunla bağlıdır ki, Azərbaycan ərazi iddiaları ilə çıxış edə bilər. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Ermənistana qarşı heç bir ərazi iddialarının olmadığını bəyan edib.

İrəvanın Bakıdan revanş almasına, eləcə də bunu etmək üçün gücünün yetib-yetməyəcəyi məsələsinə gəldikdə isə britaniyalı jurnalist və konfliktoloq-ekspert hesab edir ki, əgər Paşinyan Rusiyaya qarşı münasibətini dəyişərsə, ya da misal üçün, Ermənistanda ruspərəst hökumət seçilərsə, bu zaman İrəvanın revanşı real görünər, çünki belə olan vəziyyətdə ermənilərin arxasında Rusiya və İran hərbi gücləri dayana bilər.

Azərbaycan Qərbdən dəstək üçün BMT və s. kimi təşkilatlardan üçtərəfli bəyanatın realizəsinə görə vədlər almalıdır

Nil Uotson Ermənistanın üçtərəfli bəyanatın bəndlərinə əməl etməsinə üçün İrəvanın buna məcbur edilməli olduğunu deyib və bildirib ki, hazırda “kövrək sülhə” Rusiya “sülhməramlıları” tərəfindən nəzarət olunur və bu da Azərbaycanın öz müstəqilliyini əldə etməsindən sonra ilk rus ordusudur ki, orada yerləşib. O cümlədən, Rusiya-Türkiyə monitorinq mərkəzi də Azərbaycan ərazisində fəaliyyət göstərir. “Azərbaycan Qərbdən dəstək üçün BMT və s. kimi təşkilatlardan üçtərəfli bəyanatın realizəsinə görə vədlər almalıdır. Lakin əvvəlcə diasporanın dəstəyi ilə yürüdülən erməni təbliğatına qarşı dayanmaq vacibdir. Mən isə öz tərəfimdən Azərbaycan xalqına uğurlar arzulayır və məcburi köçkünlərin öz evlərinə dönmələrini səbrsizliklə gözləyirəm”, deyə britaniyalı jurnalist müsahibəsində bildirib.

Rövşən RƏSULOV