Komendant saatı qüvvəyə minəcək YENİ DALĞA

19 Oktyabr 2021 08:57 (UTC+04:00)

Latviyada sürətlə yayılmağa başlayan koronavirus dalğasının növbəti mərhələsində ölkənin böhranlı vəziyyətə doğru irəliləməsinin qarşısı alınmır. Ölkə rəhbərliyi bildirir ki, koronavirusun yayılması nəzarətdən çıxır. Oktyabrın 13-dən başlayaraq ölkədə gün ərzində 2000 yoluxma qeydə alınır. Xəstəxanalarda isə 25 000 insan var.

SİA-nın məlumatına görə, artıq Latviyanın ədliyyə naziri Yanis Bordans belə bir təkliflə çıxış edib ki, bu məsələdə ordunun əsaslı dəstəyinə ehtiyac var.

“Ölüm halları müharibədə olduğundan daha çox ola bilər, iradəsizliyin və reytinq dalınca qaçmağın yeri yoxdur. İstənilən müharibəni udmaq üçün biz itkilərə hazır olmalı və hədəflərimizə inanmalıyıq. Hazırkı zamanda nə o, nə də bu var”, deyə nazir bildirib.

Onun sözlərinə görə, sanitar böhrana hərbi vəziyyət kimi baxmaq lazımdır, ona görə də bununla bağlı təhsil almış, reytinqdən asılı olmayan, eləcə də əsl hərbi əməliyyatlara rəhbərlik edən etibarlı peşəkarlar məşğul olmalıdırlar.

“Pandemiya bizim cəmiyyətdə parçalanma yaradıb ki, mən belə vəziyyətlə heç vaxt rastlaşmamışam. Lakin virus yalnız əzab, itki, ağrı və ailələrə şübhələr gətirməyib, pandemiya kimin-kim olduğunu açıq şəkildə göstərdi. Kimisi cavabdehlik daşıyan qərarlar verdi, kimisi üçün isə əsas şey yenidən seçilməkdir”, Bordans bildirib.

“Biz situasiyanın dağıdıcı nəticələrini azaltmaq üçün böhrandan zərər çəkən ailələrin və qəhrəman tibb işçilərimizin vəziyyətlərini ağrılarını anlayırıq”, deyən latviyalı nazir əlavə edib ki, hakimiyyət cəmiyyətin müəyyən qrupları üçün yay aylarında məcburi vaksinasiya haqqında qanun layihəsini qəbul etsəydi mövcud vəziyyətdən yayınmaq da olardı.

Qeyd edək ki, Latviya koronavirus səbəbi ilə 4 həftəlik kəskin lokdaun elan edib. Qərar oktyabrın 20-dən qüvvəyə minəcək və noyabrın 15-nə qədər davam edəcək. Sonrakı müddətdə isə sözügedən vəziyyətin uzadılması mümkündür. Qadağalar bunlardır:

Ərzaq mağazalarından başqa bütün satış mərkəzləri bağlanır.

20:00-dan 05:00-a qədər komendant saatı qüvvəyə minir.

Payız tətilindən sonra məktəblər, ali tədris müəssisələri distant təhsilə keçirlər. Bütün mədəni, idman, əyləncə, şou, konsert, kino və s. tədbirlərinə qadağalar tətbiq edilir.

Rövşən Rəsulov