Litvada əfqanıstanlıya daimi yaşayış icazəsi verilib

19 Oktyabr 2021 08:02 (UTC+04:00)

Litvanın Raseynyay əyalətində məskunlaşmış əfqanıstanlı tərcüməçilərə və onların ailə üzvlərinə ölkədə daimi yaşamaq icazəsi verilib.

SİA xəbər verir ki, bu sözləri Litvanın Raseynyay əyalətinin meri Andriyus Bautronis özünün feysbuk səhifəsində yazıb.

Şəhər meri bildirib ki, sentyabr ayının sonunda Miqrasiya Departamenti litvalı hərbçilərə yardım etmiş əfqanıstanlı tərcüməçilərə və onların ailə üzvlərinə siyasi sığınacağın verilməsi barədə qərar qəbul edib. Onlar Raseynyay əyalətində inteqrasiya proqramından istifadə edə, maaş ala və işə başlaya bilərlər.

Xatırladaq ki, əvvəllər Litva hərbçilərinə yardım etmiş 34 əfqanıstanlı tərcüməçi və onların ailə üzvləri Litvaya avqust ayında - Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra beş gün ərzində on litvalı hərbçi və bir qadın diplomatın köməkliyi ilə gətirilib.

Qeyd edək ki, 2002-2021-ci illərdə Əfqanıstanda 5 min litvalı hərbi qulluqçu xidmət edib. Litvalı əsgərlər ABŞ-ın rəhbərlik etdiyi “Sarsılmaz azadlıq” əməliyyatında iştirak etmiş, həmçinin NATO-nun iki əsas əməliyyatını – “Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri” (2002-2014-cü illər) və “Qətiyyətli Dəstək” (2015-2021-ci illər) əməliyyatlarını həyata keçiriblər.