Tariximizdə izi olan şəxsiyyət - MƏQALƏ

18 Oktyabr 2021 15:17 (UTC+04:00)

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan xalqı dünyanın ən qədim və ən mədəni xalqlarından biridir və bizim əzəmətini, bəzən hələ də axıradək görə bilmədiyimiz möhtəşəm bir dövlətçilik tariximiz var. Biz şərəfli keçmişə malik, tarix yaradan xalqıq. Bununla belə, tarixə nəzər saldıqda Səfəvilər dövlətinin süqutundan sonra Azərbaycanın dövlətçilik tarixində müəyyən bir fasilə yarandı. Dünya tarixindən məlumdur ki, Azərbaycanın dövlətçilik tarixindəki fasilə planetar miqyaslı proseslərin məntiqi və qaçılmaz nəticəsi idi. Bir müddətdən sonra Azərbaycan xalqının milli enerjisi, milli özünüdərki ən yüksək həddə çatanda biz yenidən öz siyasi və milli kimliyimizi təsdiq etmək üçün şərəfli bir savaşa qalxdıq və möhtəşəm bir tarix yaratdıq. XX əsrin əvvəllərində, dünya nəhənglərinin amansız savaşının, dünyanı bölmək uğrunda çarpışmalarının getdiyi bir vaxtda Azərbaycan xalqı öz dövlətini qurdu. Bu, 1918-ci il, mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti və yaxud Azərbaycan Demokratik Respublikası idi. Əksər ölkələrdə hələ feodalizmin qalmaqda davam etdiyi bir vaxtda azərbaycanlılar bütün şərqdə - bütün müsəlman və türk dünyasında ilk demokratik respublika nümunəsi yaratmışdı. Bu Cümhuriyyət azərbaycanlıların XX əsr ərzində qurduğu 3 respublikadan birincisi idi.

Sonra 71 il davam edən II respublika dövrü başlandı. I respublika müstəqil dövlət idi. II respublika isə keçmiş SSRİ-nin 15 subyektindən biri. Nəhayət, 1991-ci il oktyabrın 18-də SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycan xalqı dövlət müstəqilliyini elan etdi. Beləliklə də Azərbaycan xalqı öz müstəqiliyini bərpa etmiş oldu. Bu, biz azərbaycanlıların XX əsrdə qurduğumuz III respublika quruluşudur. Qısası, təkcə XX əsr ərzində üç dəfə respublika yaratdıq. Bəşər övladı yarandığı gündən etibarən öz təbii AZADLIĞINA doğru yol gedir. Hər bir millət, hər bir xalq özünü dərk edəndən, öz milli kimliyini anlayandan bir ideal uğrunda-azadlıq və müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparır. Hamımız tam haqlı olaraq belə düşünürük ki, dövlət müstəqilliyimiz ən qiymətli sərvətimizdir və milli-siyasi azadlığımızın, zəngin maddi, milli-mənəvi və sair sərvətlərimizin sahibi olmağımızın alternativi yoxdur.

XX əsr Azərbaycanının heç kim də mübahisə və şübhə doğurmayan bir həqiqəti var – bu, Heydər Əliyev faktorudur. Heç kimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, həm də XXI yüzil, III minillik Azərbaycanının gerçək simasını müəyyənləşdirən nəhəng bir etnosiyasi amildir. Türkiyə dövlətçiliyi tarixində böyük Mustafa Kamal Atatürk, çağdaş ABŞ-ın tarixində böyük Ruzvelt, müasir Almaniya tarixində Konrad Adenauer, indiki Fransanın qurulmasında Şarl de Qoll, Hindistanın siyasi varlığında Cəvahirləl Nehru, ərəb dünyasında Camal Əbdül Nasir nə deməkdirsə, Heydər Əliyev də Azərbaycanın və ümumi sayı 50 milyon nəfərə yaxın olan bütün dünya azərbaycanlılarının tarixində o deməkdir. Azərbaycan gerçəkliklərini anlamaq üçün Heydər Əliyev fenomenini, onun Azərbaycan qarşısındakı xidmətlərini dərk etmək lazımdır. Heydər Əliyev sadə adamdır, lakin adi adam deyil. Gəncliyində memar olmaq, gözəl binalar tikmək istəyən bu dahi şəxsiyyət taleyin xoş qismətindən başqa bir möhtəşəm abidənin – güclü, əzəmətli, qüdrətli, sivil, demokratik Azərbaycan dövlətinin qurucusu oldu, azərbaycançılığın və Azərbaycan dövlətçiliyinin alternativsizliyini praktika müstəvisində sübuta yetirdi Heydər Əliyev 60-cı illərə qədərki sənayecə asılı Azərbaycanı 70-80-ci illərdə sənaye ölkəsinə, istehlakçı ölkədən istehsal ölkəsinə çevirdi.

Heydər Əliyev dövrü Azərbaycanı iqtisadi asılılıqdan xilas etdi. Azərbaycan sovet respublikaları arasında yeganə respublika idi ki, dotasiyasız yaşayırdı. Azərbaycan həmin dövrdə neft avadanlığının istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi.

Heydər Əliyev öz mahiyyəti, təbiəti və xarakteri etbarilə qurucu şəxsiyyət olaraq öz şərəfli, məsul və ağır missiyasını yerinə yetirdi. Bu isə böyük cəsarət istəyirdi.

Heydər Əliyev realist siyasətçidir və o, bütün ömrü boyu siyasi öngörü, psevdopeyğəmbərlik, siyasi proqnozlaşdırma kimi qeyri-ciddi işlərdən uzaq olub. O, siyasətdə rasionalizmin tərəfdarıdır. Heydər Əliyev indiyə qədər heç vaxt proqnoz verməyib. Onun gücü siyasi situasiyanı öyrənmək və vəziyyəti ən optimal şəkildə və məcrada nəzarətə götürməkdir. şüurlü fəaliyyət hansısa qeyri-iradi olanı rədd edir. şüurlu fəaliyyət uzaqgörənliyi təmin edir. Heydər Əliyev Azərbaycanı gələcəyə məhz belə şüurlu fəaliyyət, belə uzaqgörənlik əsasında hazırlayırdı. Onun bütün ictimai-siyasi fəaliyyəti məhz şüur amili üzərində qurulduğundandır ki, nəticələr bu dərəcədə heyrətamizdir.

1969-1982-ci illərdə müstəqil Azərbaycan ideyası yalnız Heydər Əliyevin rəhbərliyi və gərgin fəaliyyəti nəticəsində yaradılmış möhkəm özül üzərində, dayanıqlı platforma üzərində gerçəkləşə bilərdi. Heydər Əliyevin fəaliyyəti gələcək müstəqil Azərbaycan üçün çox vacib olan start meydançasına bütün aspektlər üzrə hazırlamışdı. Bu aspektləri aşağıdakı kimi təsnif etmək olar.

Birincisi, iqtisadi özül hazır idi. Ölkəmiz böyük sənaye ölkəsinə çevrilmişdi, dotasiyasız işləyirdi. Fundamental iqtisadi altyapı yaradılmışdı. Keçmiş SSRİ-də yalnız iki respublika – Azərbaycan və Rusiya özünü iqtisadi cəhətdən tam təmin etmək iqtidarında idi.

İkincisi, Azərbaycan 70-ci illərdə nəhəng bir elmi-texniki və intellektual potensiala sahibləndi, elmi-texniki tərəqqi baş verdi.

Üçüncüsü, ölkədə əhatəli və universal infrastruktur yarandı.

Dördüncüsü, Heydər Əliyev dövrü Azərbaycana böyük bir milli kadr və dövlət idarəçiləri ordusu verdi. Onların kəmiyyət və keyfiyyət göstəriciləri xeyli yüksəldi.

Beşincisi, ölkəmiz milli-mədəni nailiyyətlər qazandı, milli və sosial-mədəni təsisatların bütöv bir şəbəkəsi formalaşdırıldı. Hətta dilimiz də dövlət dili statusu aldı, böyük elm, təhsil, mədəniyyət, ədədbiyyat və incəsənət xadimləri təbəqəsi formalaşdı.

Altıncısı, milli şüurumuzda çevriliş baş verdi. Biz azərbaycanlılar özümüzü millət olaraq dərk etməyə, özümüzü təsdiqləməyə və ifadə etməyə başladıq.

Nəhayət, yeddincisi, bütün bunlar bizim son nəticədə özümüzə inamımızı artırdı. Biz müstəqil dövlət qurmağa psixoloji cəhətdən tam hazırlandıq. Biz azərbaycanlılar xalqımızın böyük oğlu Heydər Əliyevin timsalında dünyanın ən nəhəng dövlətlərindən birini – SSRİ kimi fövqəl-dövləti idarə etmək gücündə olan bir xalq kimi tanınmağa başladıq ki, bu da bizdə möhkəm bir dövlətçilik təfəkkürü yaratdı.