"Qoşulmama Hərəkatı Azərbaycan kimi dövlətlər üçün əlverişli platformadır" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

18 Oktyabr 2021 11:36 (UTC+04:00)

"Qoşulmama Hərəkatı, əlbəttə ki, dünyada BMT-dən sonra ikinci dövlətlərarası təşkilat olmaq baxımından çox əhəmiyyətlidir. Artıq bu hərəkatda 120 ölkə təmsil olunur və hazırda Azərbaycan Respublikası bu quruma rəhbərlik edir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu təşkilatın tarixi əhəmiyyəti hər şeydən öncə ondan ibarətdir ki, bu təşkilat BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Təbiidir ki, ətrafına 120 ölkəni birləşdirməklə əlavə çox nüfuzlu bir platformadır. Özəlliklə də Azərbaycan kimi dövlətlər üçün çox əlverişli platformadır. Çünki burada birləşən dövlətlər aqressiv deyil. Başqalarının ərazisiniə təcavüz etməkdə maraqlı deyillər.

Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda ortaya çıxan məsələlərin danışıqlar yolu ilə masa arxasında dinc yollarla həll edilməsinə töhfə veməyə çalışırlar. Yəni, 1955-ci ildə əsası qoyulan Bandunq prinsipləri əsasında fəaliyyət göstərən təşkilat olaraq onun 10 əsas prinsipini rəhbər tutan bu qurum, əlbəttə ki, daha çox qarşılıqlı analaşma üzərində formalaşıb. O baxımdan, bu təşkilat həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətlidir. İkinci bir tətəfdən əgər biz yaxın tarixə baxsaq, Azərbaycan Respublikasının bu quruma rəhbərlik etdiyi bir dönəmdə, yəni koronavirus pandemiyasının yayıldığı bir dövrdə məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı Covid-19-a qarşı qlobal mübarizə üçün müzakirələr keçirdi. Həmin müzakirələrin nəticəsində, Azərbaycan Respublikası BMT Baş Assembleyasında məsələni gündəmə gətirdi.

İkinci bir tərəfdən Azərbaycan Respublikasının BMT və digər qurumlarda bu və ya digər şəkildə səsinin eşidilməsinə Qoşulmama Hərəkatı böyük töhfə verir. Çünki Qoşulmama Hərəkətına üzv dövlətlərlə Azərbaycan çox yaxın qarşılıqlı iş birliyi şəraitindədir. Təbiidir ki, belə şəraitdə olduğuna görə də, o dövlətlərin imkanlarından həm BMT tribunasında, həm də başqa beynəlxalq qurumların tribunasında Azərbaycanın istifadə etmə imkanları var. Bu baxımdan mən deyərdim ki, Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə balanslaşdırıcı əlavə bir təşkilatdır. BMT-də, əsasən, TŞ-nın beş daimi üzvünün sözü keçir. Baxmayaraq, burada 200-dən çox ölkə var. Qoşulmama Hərəkatının 120 üzvünün aralarında müzakirələr aparması və BMT tribunasında bir fikirdə çıxış etməsi bir növ balans yaradır. Eyni zamanda haqqı tapdanan ölkələrin haqqının müdafiə edilməsində bu təşkilatın müstəsna rolu var".