"Varislik məsələsində son nöqtəni qoyduq" - DEPUTAT ŞƏRH ETDİ

18 Oktyabr 2021 11:24 (UTC+04:00)

"Bu gün tariximizdə çox önəmli günlərdən biri, müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd edirik. 1991-ci ilin bu tarixində Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə bizim 1918-ci ildə bəyan etdiyimiz istiqlaliyyətimiz bərpa olundu. Lakin, bu prosesi tarixi reallıq kimi qəbul etməliyik". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən gün Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də səsləndirdiyi kimi, "Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi, Rusiya, Ukrayna, bütün Qafqaz respublikaları müstəqilliyini bəyan etmişdi": "Yəni bu prosesə kimlərinsə xidmətləri kimi yox, SSRİ-nin dağılması prosesinin məntiqi nəticəsi kimi baxmalıyıq. Lakin, müstəqilliyimizi bərpa olunması istənilən halda özlüyündə bizim üçün əvəzsiz və qiymətli təqvim günüdür, dövlət bayramımızdır".

"Mən, bu məsələdə daha çox 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması faktına yönəlmək istəyirəm. Milli Məclisdə yazılı çıxışımda da qeyd etdim, cənab İlham Əliyevin məsələ ilə bağlı qanunvericilik təşəbbüsü hücum siyasəti doktrinasının irəli sürüldüyü bir vaxtda təsadüf edir. Bu o deməkdir ki, 28 may və 18 oktyabr təqvimlərinin adlarındakı dəyişiklik böyük tarixi-siyasi hadisə olmaqla yanaşı, eyni zamanda hücum siyasəti konsepsiyasının bir mərhələsidir. Biz bu tarixi müstəqilliyin bərpası günü kimi müəyyən etməklə, varislik məsələsində son nöqtəni qoyduq".

"Bilirsiniz ki, bu günkü Azərbaycan Respublikasının əraziləri ilə bərabər Göyçə, Zəngəzur və ümumiyyətlə Qərbi Azərbaycanda qalan digər tarixi yurd yerlərimizin daxil olduğu və beynəlxalq hüquqla tanınmış bir sərhəddə malik Azərbaycan xalq Cumhuriyyətinin varisiyik. Bu ərazi iddiası deyil, biz sadəcə olaraq tarixi həqiqətlərin inkar olunması tərəfdarı deyilik, tarixi yurd yerlərinə qayıtmaq fikrimizdən də dönməmişik. Bir sözlə, biz mütləq o torpaqlara qayıdacağıq. Hansı formada qayıdacağıq, onun da cənab İlham Əliyev geniş izahını verdi".

Ayşən Vəli