“Dəyişikliklərin əhalinin sosial vəziyyətinə təsir edəcəyi şəksizdir" - MÜNASİBƏT BİLDİRİLDİ

18 Oktyabr 2021 11:18 (UTC+04:00)

”“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2021-ci il tarixdə imzaladığı Sərəncam əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır. Bu sərəncam bir daha təsdiq elədi ki, Azərbaycan vətəndaşının sosial rifahı dövlətimiz və dövlət başçımız üçün daim prioritet məsələdir. Bu siyasət əvvəlki illərdə də həyata keçirilib və bu gün də davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, bir tərəfdən ümumbəşəri bəla olan COVID-19 pandemiyasının, digər tərəfdən möhtəşəm Zəfərlə başa vurduğumuz müharibənin, müvəqqəti də olsa, törətdiyi iqtisadi itkilərə baxmayaraq, cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasət Azərbaycan iqtisadiyyatının inkişafını sürətlə irəli aparır: “44 günlük Vətən müharibəsində apardığımız hərbi taktikaya və qazandığımız parlaq qələbəyə heyrətini gizlətməyən dünya indi də işğaldan azad edilmiş ərazilərdə apardığımız quruculuq işlərinin sürətinə və keyfiyyətinə görə heyrət içindədir. Lakin dünyada gedən iqtisadi proseslərin də öz daxili dinamikası var və hər bir dövlət bununla hesablaşmaq məcburiyyətindədir. Belə ki, pandemiyanın tədricən zəifləməsi nəticəsində istehsalın bərpa yoluna qədəm qoyması, bazar münasibətlərinin yenidən dövriyyəyə girməsi və s. bir çox əmtəələrin qiymətlərinin də hərəkətə gəlməsinə səbəb olmaya bilməzdi və olmaqdadır”.

Əziz Ələkbərli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu dəyişikliklərin əhalinin sosial vəziyyətinə də təsir edəcəyi şəksizdir və biz bazarlarda qiymət artımında artıq bunu müşahidə etməkdəyik: “Belə məqamda əhalinin sosial rifahının qorunması ilə bağlı cənab Prezidentin imzaladığı bu sərəncamın əhəmiyyəti müstəsnadır. Sərəncamda əhaliyə edilən ödənişlərin, demək olar ki, bütün sahələrinin – “əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin”məbləğlərinin artırılmasının nəzərdə tutulması da böyük böyük əhəmiyyətə malikdir”.

Arzu Qurbanzadə