Ulu çinarlar Yurdu Zəngilan, biz gəldik! - MƏQALƏ

18 Oktyabr 2021 10:22 (UTC+04:00)

“Zəngilan Azərbaycanın gözəl bir guşəsi, qədim Zəngəzur diyarının bir parcası, qədim Azərbaycan diyarıdır. Zəngilan bir gün öz sahibinə qaytarılacaq, tarixi ədalət bərpa ediləcək“. Bu sözlər Ulu öndər Heydər Əliyevin imzasını daşıyır. Bəli, böyük qürur hissi ilə deyirik ki, ədalət bərpa olundu. 27 ildir yetim qalan ulu çınarlar yurdunda artıq Azərbaycan bayrağı dalğalanır. 27 ildir ürək ağrısı ilə tökdüyümüz göz yaşları artıq sevinc göz yaşlarına çevrilib.

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Zəngilan rayonu ölkənin cənub-qərbində yerləşir.Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Rayonun ərazisi müxtəlif dövrlərdə bir çox inzibati ərazi bölgülərinə məruz qalmışdır. Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur.1967-ci ildə Zəngilana şəhər statusu verildi. Yurdumuz lap qədimlərdən bəri əlverişli iqlim şəraiti, münbit torpaqları, təbii sərvətləri ilə daim diqqət mərkəzində olmuşdur. Vətənimizin dilbər guşələrindən olan Zəngilan istər tarixi, istər mədəniyyət abidələri , istərsə də şair və yazıçıları ilə hər zaman zəgin bir rayon olaraq tanınmışdır. Əbəs yerə ulu çınarlar yurdu adlandırılmır. Belə ki, bütün Avropada ən böyük çinar meşəsi məhz Zəngilan rayonunda olmuşdur. Rayon ərazisi qızıl və mis kimi dəyərli metallarla eləcə də sənaye əhəmiyyətli ehtiyatlarla da zəngindir. Hərçənd ki, ərazidə yerləşən qızıl yataqları eləcə də qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit, və digər yeraltı sərvətlər illərdir ermənilər tarəfindən istismar edilmişdir. Ermənistan dövləti öz büdcəsini 51 faizini Azərbaycan torpaqlarından çıxan sərvətlər əsasında formalaşdırmışdır desək, yalan demiş olmarıq. Artıq bu istismara nəhayət ki, son qoyuldu. Bir zamanlar göz oxşayan, baxdıqca insanı valeh edən təbiətə malik olan Zəngilanın qara günləri 1993-cü il oktyabrın 29-u başladı. Zəngilan Azərbaycanın işğal edilmiş sonuncu rayonu olmuşdur. Sakinləri doğma yurdunu mərdliklə son ana kimi müdafiə etmiş, düşmən qabağından qaçmamışdır. Qanlı döyüşlərdə 188 şəhid vermiş, 44 sakin isə itkin düşmüş və 1993-cü ildən erməni vandalizmi başlamışdır. Onlarla milli və tarixi-dini abidə talan edilmiş, ermənilərin mədəni terroruna məruz qalmışdır. Dağılmış abidələr sırasına məscidlər və ziyarətgahlar- İmam Hüseyn məscidi (Zəngilan şəhəri), Zəngilan məscidi, Malatkeşin məscidi, Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidlər, Yeməzli alban kilsələri, Səkkizguşəli türbə (Məmmədbəyli kəndi), Ziya Baba ocağı (Ağkənd kəndi), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi) və digərləri daxildir. Bundan başqa, rayonun tarixi–memarlıq abidələrindən olan Şərifan abidələri (IX-XVI əsrlər), Şəhri-Şərifan yaşayış yeri (Hacallı kəndi), Ağca Aşıq yaşayış yeri, Qız qalası ( Qumlaq kəndi), Qəsr qalası (Oxçuçayın Araza töküldüyü yerdə), Şərikan kəndində sərdabə, Yenikənd kəndində sərdabə, Hacallı dairəvi bürcü, Hacallı qülləsi (Məmmədbəyli kəndi), Nekropol (Quyudərə Xəştab kəndi) da dağıdılmış tarixi abidələr arasındadır. Erməni dövləti sanki bu ərazilərin öz əlində qalmayacağını bilirdi. Bu mədəni terrorun səbəbi məhz budur. Axır-əvvəl bu torpaqların öz sahibinə geri qaytarılacağını bildiyindəndir ki, işğal etdiyi ərazilərdə mədəniyyətimizi yox etməyə çalışmışdır. Amma bir şeyi unudurdular. Bu torpaqlar çiçək açmaq, həyata qayıtmaq üçün öz sakinlərini gözləyirdi. Beləliklə 20 oktyabr 2020–ci ildə Zəngilan şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.Erməni vandalizminə məruz qalmıs bütün ərazilərimizdə ,o cümlədən də Zəngilan rayonunda şübhəsiz ki, həyat yenidən canlanacaq. "Böyük Qayıdışın” təməllərini atan prezident İlham Əliyev Zəngilan rayonuna 3 dəfə səfər etmiş və yenidənqurma işləri üçün bütün müvcud potensialları səfərbər etmişdir. İlk bərpa edilən kəndlər isə 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevə və bu yurdun qəhrəman oğullarına borcluyuq. O oğullar ki, öz qanları ilə vətənin şanlı zəfər tarixini yazdılar”. Cansa can, qansa qan, yetər ki, sən Qarabağda dalğalan, Azərbaycan bayrağı” dedilər.

Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

İndi biz həsrətində olduğumuz vətən torpaqlarını qarış-qarış gəzməyi səbrsizliklə gözləyirik.

Aysel Muradova

Xəzər rayonu, 123 nömrəli məktəbin nüəllimi