“Mürəkkəbi qan olan zəfər tarixi Füzulidən yazılmağa başladı” - MƏQALƏ

17 Oktyabr 2021 16:44 (UTC+04:00)

Bir şəhər haqqında danışmaq istəyirəm. Erməni qəsbkarlarının işğalından əvvəl zəngin infrastruktura malik, yaşı min illərə bərabər olan bir şəhər haqqında. Füzuli XIII əsrdən günümüzə qədər gəlib çatmış tarixi, dini-mənəvi, milli abidələri ilə zəngin, XIV, XIX əsrlərin ən gözəl mədəniyyət nümunələrini, xalqımızın adət-ənələlərini qoruyub saxlamış bir şəhər modeli idi. Füzuli şəhərinin azad olunması II Qarabağ Müharibəsi kimi taleyüklü tarixi sınağın gedişatında strateji əhəmiyyət kəsb etmişdi. Əbəs yerə cənab Prezident İlham Əliyev Vətən Müharibəsindən sonra Füzuli şəhərinə səfər edərkən Füzuli-Şuşa avtomobil yolunun təməlini qoyarkən bu yolu “Zəfər yolu” adlandırmadı. Bu, həmin yoldur ki, Azərbaycanın rəşadətli ordusu, qeyrətli vətən oğulları bu yoldan keçib Şuşanı işğaldan azad edib, düşmənin belini qırdılar. Vaxtı ilə bizə müqəddəs olan torpaqlarımızda sərsəm bəyana verənlər, öz vətəndaşlarının qəsbkarına çevrilmiş sərxoş erməni siyasətçilərinin, yalançı qəhrəman erməni generallarının arzuları ürəyində qaldı. Vətən oğulları əks-həmlə hücumuna məhz Füzuli şəhərindən başlayanda, hətta ən tanınmış hərbi mütəxəssislər belə bir fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ermənilərin 30 illik istekam qurğularını nəzərə alıdğımızda Füzuli şəhərini işğaldan azad etmək mümkün görünmürdü. Lakin, tarixin erməni işğalçıları üçün taleyin və tarixin öz dərsi var idi. Füzulinin təmas xəttinin yarılması ilə Azərbaycan strateji üstünlüklər əldə etdi. Bununla da erməni işğalçılarının yaratdığı mif elə müharibənin ilk günlərində darmadağın oldu. Mürəkkəbi qan olan zəfər tarixi bu qədim torpaqlardan – Füzulidən yazılmağa başladı. Məhz bu səsəbdən ilk şəhidlər yalnız canları, qanları bahasına deyil, həm də öz vətənpərvər ruhları və qormazlıqları ilə Vətən Müharibəsi tarixinə yazıldılar.

Bu gün biz artıq Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik. Şükürlər olsun ki, biz növbəti işğal tarixini deyil, ilk dəfə Füzulinin azad olunması tarixini qeyd edirik. Xalqın Vətən ilə bağlı ən ülvi arzularını dövlətin prioritet istiqaməti bilən, dərk edən rəhbərlər sözsüz ki, gec və ya tez ən ali hədəflərə çatacaqlar. Qarabağ kimi bəziləri tərəfindən həlli mümkün görünməyən, siyasi analitiklərin və bəzi beynəlxalq təşkilatların status-kvonun saxlanmasına bizi inandırdıqları, hərbi-siyasi məsələ Ulu Öndər Heydər Əliyevin mirası kimi xalqın Vətən həsrətinə ürək yandıran cənab Prezident İlham Əliyev tərəfindən həll edildi.

Söz zamanına çəkər, 2019-cu ilin oktybar ayında Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun kürsüsündə çıxışı zamanı ikili siyasət yürüdən hegemon dövlətlərin gözü önündə, indi hər bir Azərbaycanlının şüarına çevirilmiş “Qarabağ Azərbaycandır!” dedikdə bu ifadə bir çox siyasi ekspertlərin diqqətini cəlb etmişdi, lakin onun sözlərindəki hikməti yalnız özü və müdrik xalqı dərk etmişdi.

Cənab Prezidentin Füzulini Qarabağın “hava qapısı” adlandırması da təsadüfi deyildir. Müzəffər ordumuz tarix yazmağa Füzulidən başlamış, ilk şəhadətə ucalan oğullarımızın da qanı bu torpağa axmışdı. Hər işdə ən çətin olanı ilk addımdır. Bir sözlə biz mümkünsüzü Füzulidə mümkün etdik. Füzuli torpağı Azərbaycan xalqı üçün müqəddəsdir. Bu gün dünyada bəlkə də Füzuli Beynəlxalq Hava Limanı qədər sürətlə tikilmiş ikinci bir hava limanı yoxdur. Cəmi bir neçə ayın içində Qarabağın yenidən qurulması çərçivəsində belə bir beynəlxalq hava limanının inşası dünyanın diqqətini üzərimizə çəkir. İndi diqqət mərkəzində bizik. 3000 metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı, yük və sərnişin gözləmə zalları, ətrafında avtomobillər üçün dayanacaqları ilə qısa müddətdə ərsəyə gələn bu hava limanı sözün bütün mənalarında möcüzədir. Sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın və digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq, iqtisadi potensialımızı artıracaq, turizmi inkişaf etdirəcəkdir.

Azərbaycan 30 illik erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etmişdir. Cənab Prezidentin də dediyi kimi, münaqişə bitib, tarixə qovuşub, indi məqsədimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri apararaq o torpaqlarda həyatı yenidən canlandırmaqdır.

Qarabağ haqqında yazanlar, danışanlar çox olub. Bizim nəsildən olan gənclərin ən böyük xoşbəxtliyi ondadır ki, bizdən öncəkilərdən fərqli olaraq zəfər salnaməsindən danışır, Qarabağa qayıdışdan yazırıq. Bizim mübarizəmiz haqq işidir. Zaman hər daşı öz yerinə qoydu və tarix yenidən yazıldı. Bir gənc kimi Qarabağın yenidən qurulmasına nəinki sevinirəm, bu prosesin hər addımında iştirak etməyə hazıram!

Füzuli, azadlığın mübarək!

Yaşasın Ali Baş Komandan, Yaşasın rəşadətli ordumuz! Yaşasın müdrik xalqımız!

Fərəh Məcidzadə

YAP Suraxanı rayon təşkilatının fəal gənci