“Putin etdiyini deyir, dediyini də edir...”

17 Oktyabr 2021 16:01 (UTC+04:00)

"Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş üçün hələ ki, heç bir perspektiv yoxdur”.

Qeyd edək ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya-1” telekanalında verdiyi açıqlamada bildirib.

Peskovun sözlərinə görə, buna səbəb Kiyevin Minsk razılaşmalarına əməl etməməsi ilə bağlıdır. Mətbuat katibi onu da əlavə edib ki, Ukrayna indi keçid dövrü haqqında qanun layihəsi həyata keçirir və bu faktiki olaraq Kiyevin Minsk razılaşmalarından çıxması demək olacaq.

Putinin sözçüsü Zelenski ilə danışmağın çox çətin olduğunu da gizlətməyib. Onun sözlərinə görə, Zelenski, məsələn, inadla Rusiyanı Ukraynanın cənub -şərqindəki münaqişənin tərəfi adlandırır. Peskova görə isə, əslində bu belə deyil(?).

“Putin etdiyini deyir, dediyini də edir və bu digər həmsöhbətlərə uyğun gəlmədikdə, çox çətindir”.

Təbii ki bunu bəyan edən Kreml sözçüsü “Normandiya dördlüyü” üzvlərinin də birlikdə ünsiyyət qurmamasını bununla əlaqaləndirib.

Peskovun sözlərinə görə, bütün tərəflər “ev tapşırıqlarını” yerinə yetirib, ümumi mövqelər barədə razılığa gəlsələr, təməl hazırlasalar, bu halda “Normandiya dördlüyü”nün zirvə perspektivi daha aydın görünəcək.

Xatırladaq ki, “Normandiya dördlüyü” 2014-cü ilin iyunun 6-da Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün dörd ölkənin (Almaniya, Rusiya, Ukrayna və Fransa) liderlərindən ibarət Minskdə yaradılmış diplomatik bir qrupdur ki,.. onlar da hələ ki, “hərəsi öz dilində danışır(?)”.

Ağasəf Babayev