"Prezidentin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahı dayanır" - DEPUTAT ŞƏRH ETDİ

17 Oktyabr 2021 14:45 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər” haqqında sərəncam imzaladı. Bu sərəncamın mətni ilə tanış olduqda əmin olmaq olur ki, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır". Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə sistemli və ardıcıl addımlar atılır. Cənab Prezidentin imzaladığı sərəncamda qeyd olunur ki, 2019-cu ildə iki sosial islahatlar paketi qəbul olunub. Bu sosial islahatlar paketi sayəsində təqaüd və müavinətlərin orta artımı 92 faiz təşkil edib. Minimum pensiyanın artımı 72 faiz olub. Bundan əlavə minimum əmək haqqının artımı 92 faiz təşkil edib. Eyni zamanda dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan insanların əmək haqqının 50 faiz artdığı qeyd olunub.

Elman Nəsirov bu haqda fikrini belə izah edib: "Eyni zamanda sərəncamda yenə də görünür ki, dövlət pandemiya dövründə ilk növbədə öz xalqının sosial rifahı və sağlamlığı məsələsini ön plana çəkir. Bu baxımdan iqtisadi zərərlərin aradan qaldırılması məqsədilə 2.5 milyard manat vəsait xərclənib. 4 dəfə ictimai iaşə obyektlərinə və iş yerlərini itirmiş şəxslərə müavinətlər verilib. Onu da qeyd edim ki, 2021-ci ilin büdcəsində təkcə pandemiya ilə mübarizə üçün 261 milyon manat vəsait ayrılıb. Bütün bunlar göstərir ki, pandemiya dövründə də dövlətin ilk növbədə funksiyası o olub ki, əhalinin sosial rifahını və sağlamlığını təmin etsin. Sərəncamda da göstərilir ki, ölkəmiz artıq post pandemiya dövrünə daxil olur. Bu dövrdə artıq iqtisadiyyatda artım tendensiyası özünü göstərir. Eyni zamanda dünya iqtisadiyyatında da artım prosesləri müşahidə edilməkdədir. Amma post pandemiya dövrünün öz reallıqları var. Yeni reallıq ondan ibarətdir ki, bir yandan iqtisadi fəallıq artıb, iqtisadi tələbat artıb, amma bunun müqabilində pandemiya dövründə fəaliyyəti dayanmış sahələrin bərpa edilməsi onların işə düşməsi və məhsul istehsal etməsi prosesi daha aşağıdır. Tələbat böyükdür amma onun qarşılığında cavab vermək dinamikası bir qədər aşağıdır. Bu da dünya bazarında qiymətlərin qalxmasına səbəb olur. Azərbaycanda da bir çox məhsulların idxalı zamanı dünya bazarındakı gedən proseslərin təsirini təbii olaraq hiss edir. Bu da təbiidir ki, azərbaycanlı istehlakçıların cibinə təsir edir. Bu əhalinin sosial rifahına təsir edir. Buna görə də, cənab Prezidentin imzaladığı sərəncamda vurğulanır ki, belə halların qarşısının alınması üçün, yəni əhalimizin sosial rifahına təsir edə biləcək bu proseslərin qarşısını almaq üçün Nazirlər Kabinetinə tapşırılır ki, 2022-ci ilin büdcə layihəsində, deməli, müavinətlərin, maaşların, pensiyaların artırılması bağlı təklifləri cənab Prezidentə təqdim etsin. 2022-ci ildə artıq adları sadalanan kateqoriyalar üzrə əmək haqlarının artırılması nəzərdə tutulur. Bu da yenə əhalinin sosial rifahının qorunması məqsədinə xidmət göstərəcək. Azərbaycan mahiyyəti etibarı ilə sosial dövlətdir. Hər ilin büdcəsinə nəzər yetirsək görərik ki, hər il sosial xərclər əvvəlkinə nisbətən artır.

2021-ci ilin büdcəsinə nəzər salsaq, görərik ki, sosial xərclərin 39 faiz təşkil etdiyini görərik. 2022-ci ildə daha böyük rəqəmlərdən söhbət gedəcək ki, bu da əhalinin sosial rifahının təminatına xidmət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cənab Prezidentin imzaladığı sərəncamda qeyd olunan müavinətlərin, pensiyaların və sairin verilməsi artıq bir milyon səkkiz yüz min nəfəri əhatə edəcək".