“Ohanyan səddi”nin Ordumuz qarşısındakı acizliyi

17 Oktyabr 2021 09:48 (UTC+04:00)

AZƏRTAC-ın müxbirləri Füzuli əməliyyatının iştirakçılarından bir neçəsi ilə həmsöhbət olub

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Oktyabrın 17-də, döyüşlərin 21-ci günündə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri erməni işğalından azad edildi.

SİA xəbər verir ki, AZƏRTAC-ın müxbirləri vaxtilə döyüşlərin getdiyi yerlərdə çəkilişlər aparıb, həmçinin əməliyyatlarda iştirak etmiş qəhrəman hərbçilərimizin bir neçəsi ilə həmsöhbət olub.

Çavuş Qüdrət Əlizadə: Sentyabrın 27-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı istiqamətlərindən düşmənin ön xətti, istehkamları yarıldı, Füzuli istiqamətinə döyüşlər başladı. Burada qızğın döyüşlər gedib. Düşmənin illər uzunu qurduğu müdafiə xəttini yarmaq müəyyən bir müddət aldı. Erməni işğalçılarının ağır itkilərə məruz qoyulması, kəndlərin, yaşayış məntəqələrinin azad edilməsi döyüş əzmini artırır, dayanmadan irəli atılırdıq. Bu ruh yüksəkliyi, qələbə əzmi Şuşanın azad olunması ilə nəticələndi.

Düşmən Füzulidə güclü istehkam yaratmış, çoxlu qüvvə toplayaraq müdafiədə dayanmışdı. Biz isə hücum taktikası həyata keçirirdik. Azərbaycanın Ordusunun qarşısında düşmənin möhkəmləndirilmiş müdafiə istehkamı da dayana bilmədi. Azərbaycan əsgəri bütün istehkamları yararaq düşməni Qarabağdan qovub çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi sayəsində Zəfər qazandıq.

Möhtəşəm Qələbədə hər kəsin payı var. Bu gün bizim üçün sevincli gündür. Bu, bir hərbçinin həyatında ən şərəfli günlərdən biridir. Biz hərbçilərin illərlə təlimlərdə öyrəndiklərimiz, çəkdiyimiz əziyyət döyüş meydanında öz bəhrəsini verdi. Otuz il səngərdən boylanaraq baxdığımız torpaqlara canımız, qanımız bahasına qovuşduq. Qazanılan Zəfər bizə arxayınlaşmağa əsas vermir. Çünki düşmən xislətini dəyişməyəcək. Ona görə də təcrübəmizi xidmətə yeni başlayan əsgərlərlə bölüşür, onları Vətən torpağının keşiyində ayıq-sayıq durmağa səsləyir və peşəkar hərbi qulluqçuların yetişməsinə çalışırıq.

Xüsusi Təyinatlı qüvvələrin döyüşçüsü: Füzuli əsas strateji yerlərdən biri idi. Ona görə də düşmən ordumuza qarşı dirəniş göstərirdi. Biz döyüşlərə çox ciddi hazırlaşmışdıq. Öyrəndiklərimizi tətbiq etmək üçün əlverişli imkan yaranmışdı. İşğalçılar güclü istehkamlar qursa da, dirəniş göstərsə də, məqsədimiz nəyin bahasına olur-olsun Füzulini və buradakı yüksəklikləri azad etmək idi. Hədəfimizə çatdığımıza, döyüş tapşırığını uğurla yerinə yetirdiyimizə görə hər birimiz qürur duyuruq.

Tankçı İbadət Şirinli: Azərbaycan Ordusu düşmənin cəbhəboyu törətdiyi təxribatların qarşını alaraq irəliləyirdi. Ermənilər Ordumuzun gücünə artıq bələd idilər. Çünki bir neçə dəfə bunu görmüşdülər. Onlar toplarını, tanklarını qoyub qaçırdılar. Biz bunları öz gözlərimizlə görürdük. Döyüşlərin gedişində erməni maşınlarını və tanklarını da qənimət kimi götürə bildik.

Füzulidə istehkamların çoxluğu və ərazinin relyefi bizə bir qədər çətinlik yaratdı. Çünki bura düşmənin istehkam cəhətdən ən güclü nöqtələrindən biri idi. Füzulidə Ermənistan ordusunun əsas hərbi mövqeləri ilə yanaşı, həm də üçüncü arxa eşalonu yerləşirdi. Oktyabrın 17-dək çətin döyüşlərdən keçərək Füzuli şəhərini işğaldan azad etdik. Füzuli rayonu və digər torpaqlarımız hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin canı-qanı bahasına düşməndən təmizləndi.