Özbəkistan-Əfqanıstan hökumət rəsmiləri arasında görüş

17 Oktyabr 2021 09:02 (UTC+04:00)

Özbəkistanın Termez şəhərində Özbəkistan və Əfqanıstan hökumət nümayəndə heyətləri arasında işçi görüşü keçirilib.

SİA Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistan tərəfdən Baş nazirin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov, qonşu dövlət tərəfdən Əfqanıstan İslam Əmirliyi Müvəqqəti Hökuməti sədrinin müavini vəzifəsini icra edən Abdul Salam Hanafinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.

Görüşdə hər iki ölkənin müxtəlif nazirlikləri arasında ticarət-iqtisadi, energetika, tranzit, beynəlxalq yükdaşımalar, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin təhsil və humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Danışıqlarda Özbəkistanla Əfqanıstan arasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin “Surxan-Puli Xumri” elektrik xəttinin və “Məzari-Şərif – Kabil - Peşəvər” dəmiryol layihəsinin tikintisi məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda müzakirə olunan bir sıra məsələ ilə bağlı razılıq əldə edilib.

Sonda Əfqanıstan nümayəndə heyəti qonaqpərvərlik və səmərəli danışıqlara görə özbək tərəfinə minnətdarlığını bildirib.