“Sosial-iqtisadi fəsadların qarşısı əhalinin sosial rifahının qorunması ilə alınacaq” - İQTİSADÇI-EKSPERT AYDINLIQ GƏTİRDİ

16 Oktyabr 2021 19:26 (UTC+04:00)

“Qeyd etmək lazımdır ki, bu gün koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni iqtisadi böhran yaradıbdır. Təbii ki, bu böhrandan hər bir ölkə də öz payını götürübdür. Bu gün biz dünya ölkələrinin əsas makroiqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, hər bir ölkənin sosial-iqtisadi göstəricilərində müəyyən problemlər mövcuddur. Artıq dünya ölkələri qeyd olunan struktur böhranın nəticəsində yaranan sosial-iqtisadi fəsadları müəyyən bərpa strategiyaları ilə azaltmaq niyyətindədirlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında UNEC Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

İqtisadçı-ekspertin sözlərinə görə, diqqət olunası məqam orasındadır ki, uzun müddət struktur böhran nəticəsində dayanmış, indi isə yenidən bərpa edilən istehsalın artım tempi dünya iqtisadiyyatında məcmu tələbinin artım tempindən hələki daha aşağı səviyyədədir və bu səbəbdən beynəlxalq bazarlarda məhsulların qiyməti artmaqdadır.

“Qeyd etməliyik ki, Azərbaycan bu çətin dövr ərzində heç bir sosial-iqtisadi böhran ilə üz-üzə gəlmədi. COVİD-19 pandemiyasından zərərçəkmiş şəxslərə maliyyə yardımlarının göstərilməsi, müəyyən iqtisadi güzəştlərin edilməsi və s. kimi faktorlar dövlətimizin bu dövrdə apardığı yüksək və məqsədyönlü iqtisadi siyasətinin bariz nümunəsi idi ki, bu da öz növbəsində ölkənin ciddi iqtisadi fəsadlarla qarşılaşmasının önünü kəsdi.Lakin dünya iqtisadiyyatında baş verən böhran nəticəsində beynəlxalq bazarlarda məhsul qiymətinin artması Azərbaycana idxal olunan məhsullarda da özünü göstəribdir. İdxal olunan əmtəələrin qiymət artımının yarada biləcəyi müəyyən sosial-iqtisadi fəsadların qarşısı məhz əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə alınacaqdır. Belə ki, bu sərəncam əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edəcəkdir ki, bu da öz növbəsində sözügedən və dünya bazarında mövcud olan mənfi amillərin qarşısını almaq və əhalinin sosial rifahının daha dayanıqlı şəkildə inkişaf etməsi ilə nəticələnəcəkdir.

Xüsusi qeyd olunası məqam isə elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi nəticəsində elektrik enerjisinin qiymətlərinin müəyyən dərəcədə qalxması ilə bağlıdır. İlk öncə demək lazımdır ki, dünya iqtisadiyyatında yaranmış yeni çağırışlar fonunda ölkələr daima öz iqtisadiyyatlarını tənzimləməlidir. Bu səbəbdən tarif şurasının mövcud qərarı iqtisadiyyatın müəyyən zərərlərlə qarşılaşmasının qarşısını alacaqdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu artım ailə büdcəsinə ciddi şəkildə təsir göstərməyəcək. Çünkü əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı həm elektrik enerjisinin qiymətinin artmasında yarana biləcək xərcləri kompensasiya edəcəkdir. Dövlətimiz tərəfindən atılan bu addımlar dövlət siyasətinin mərkəzində vətəndaşın və onun sosial-rifahının durduğunu təsdiqləyən başlıca amildir”, deyə iqtisadç-ekspert Aslan Əzimzadə bildirib.