Ötən sutka ərzində beş nəfər xilas edilib - FHN

16 Oktyabr 2021 12:41 (UTC+04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 27 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 5 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində beş nəfər, o cümlədən intihara cəhd edən bir nəfər xilas edilib, bir nəfər yanğın zamanı tüstüdən zəhərlənib.

Həmçinin paytaxtın Nərimanov rayonunun Təbriz küçəsindəki bir-birinə bitişik ticarət obyektlərində baş vermiş yanğın nazirliyin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Bundan əlavə, paytaxtın Sabunçu rayonunda 1969-cu il təvəllüdlü Orucov Mustafa Rəşad oğlunun cəsədi mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.