Heç kəs canının ağrımağını istəməz - PAYTAXT SAKİNLƏRİ - SORĞU

15 Oktyabr 2021 17:35 (UTC+04:00)

Artıq iki ildən artıqdır ki, bütün dünya pandemiya şəraitində yaşayır və Covid-19 virusundan əziyyət çəkir. Bu virus yarandığı vaxtdan milyonlarla insanın həyatına son qoyub və hələ də bu davam edir. Çinin Vuhan əyalətində yaranmış bu virus vaxt keçdikcə bütün dünyanı əhatə etmiş insanları təşvişə salmışdır.

Azərbaycanda da bu xəstəlik səbəbindən ölənlərin sayı 6000-i keçib. Bu virus səbəbindən bir çox insan sevdiyini itirib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq vaksinasiya prosesləri davam edir. Azərbaycanda vaksinasiya prosesi uğurla davam edir. Vaksinasiyadan sonra yoluxma halları azalıb. Lakin hələ də peyvənd olunmamış vətəndaşlar var. Azərbaycanda vaksinasiyanın nəticələri nələrdir? SİA şəhər sakinləri arasında sorğu apararaq onların fikirlərini öyrənib.

Şəhər sakini Cavad Cavadov: "Mən, 2 dozanı da olmuşam. Məncə hər kəs vaksinasiya olunmalıdır. Hər kəs sağlamlığının qayğısına qalmalıdır. Özləri üçün olmasa da sevdiklərini qorumaq üçün mütləq peyvənd olunmalıdır".

Şəhər sakini Şahnaz Qədimova: "Mən, lazım gələrsə 3-cü dozanı da vurduraram. Övladlarım da vaksin olunub. Tövsiyyə edərdim ki, hər kəs ailəsinin qayğısına qalsın vaksin olunsunlar. Hər şey bitsin. Əvvəlki həyatımıza geri qayıdaq".

Şəhər sakini Ramiz İbrahimzadə: "Mənim qolumda revmatizma var idi. Vaksin olunduqdan sonra əksinə ağrılarım kəsildi. 2-ci dozadan sonra demək olar ki, heç ağrımıram. Son vaxtlar yoluxma artıb. Açıq havada belə maskadan istifadə edirəm. Məsləhət görərdim ki, hər kəs vaksin olunsun".

Şəhər sakini Səddam Cavadzadə: "2 ildir artıq xalqımız koronavirusdan əziyyət çəkir. Artıq əvvəlki həyatımıza qayıtmaq istərdim. Bunun üçün də özüm mümkün qədər gigiyenik qaydalara əməl etməyə çalışıram".

Şəhər sakini Peyman Ağakişiyev: "Vaksin olunduqdan sonra özümü biraz halsız hiss etdim, başım ağrıdı amma sonra keçdi. Biraz güvənsizlik var idi içimdə peyvəndə qarşı. Amma vaksin olunduqdan sonra böyüdüləcək bir şey olmadığını gördüm. Maksa taxmaq biraz insanı narahat edir amma taxmaq vacibdir".

Şəhər sakini Nisə Həbibova: "Mən işimlə bağlı vaksin olundum. Çünki bilirsiniz ki, covid pasportu olmadan icazə vermirlər. Əslində bu yaxşı fikirdir. Hər kəs peyvənd olunmalıdır. Lakin insanların çoxu şaiyələrə inanaraq vaksin olunmaqdan imtina edirlər. Elə bilirlər vaksin olduqdan sonra kimsə onları izləyəcək. Bunlar boş-boş fikirlərdir. Sağlamlıqlarının qeydinə qalmaq üçün vaksin olunmalıdırlar".

Şəhər sakini Nicat Abdullayev: "Özümü yaxşı hiss edirəm. Açığı vaksin olduqdan sonra vurulan nahiyə biraz ağrıdı zəiflik hiss edirdim göynədi. Amma 3-4 gün sonra hər şey düzəldi. Çalışıram çox tünlük olan yerlərə getməyim. Açıq havada da maska taxıram".

Şəhər sakini Ələskər Əzizov: "İndi virusdan qorunmağın yolu əsas vaksinasiyadır. Əgər Nazirlər Kabineti vaksinasiya olunmaq vacibdir deyirsə bunun bir səbəbi vardır. Vaksin olunmaq lazımdır. Heç kəs canının ağrımağını istəməz. Amma çoxları da hələ vaksin olunmayıb. Virusa yoluxmadan mütləq peyvənd olunmaq lazımdır".

Şəhər sakini Nərmin Məmmədova: "Lazım olan yerlərdə maska taxıram, əllərimi tez-tez sabunla yuyuram. Yəni, çalışıram ki, virusa yoluxmayım. Çünki bilirsiniz ki, virus hələ də davam edir. Mən, 1-ci dozanı olmuşam. Yaxın günlərdə 2-ci dozanı da olacam".

Abutel İlhamqızı