"Azərbaycan bölgənin tam inkişaf etmiş ölkəsinə çevriləcəyi mütləqdir, qaçılmazdır"

15 Oktyabr 2021 16:53 (UTC+04:00)

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində istər “Vətən” müharibəsindən sonrakı dövr, istərsə də gələcək planlar haqqında olduqca mühüm mesajlar verdi. Müsahibəyə diqqət yetirsək, xüsusi üstünlük ölkə iqtisadiyyatı, investisiya, ixrac, işğaldan azad edilmiş torpaqlarda yenidənqurmaya daha çox önəm verilmişdir. Təbii ki, bu da əbəs yerə deyildir. Belə ki, 30 il müddətində erməni tərəfinin talan etdiyi torpaqlarımıza həyatın yenidən qayıtması, bu yöndə atılacaq addımların sürətləndirilməsi ölkə rəhbəri tərəfindən qarşıya qoyulan ən mühüm vəzifədir. Məhz elə bu planın tərkib hissəsi kimi azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir. Bu ilin sonunadək azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Nəzərədə tutulan planın ən mühüm tərkib hissəsi isə keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.

Cənab Prezidentin Azərbaycan ilə İtaliya arasında sıx münasibətin bariz nümunəsi olaraq Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin etməsi haqda açıqlaması iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda İtaliya azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Əminliklə qeyd etmək istərdim ki, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və gələcəkdə yenidənqurma işlərində daha çox italyan şirkətlərinin iştirakını müşahidə edəcəyik.

Ölkə rəhbəri müsahibə zamanı Azərbaycanın yürütdüyü xarici siyasətə toxunaraq qətiyyətlə bildirib ki, verilən qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Başqa sözlə prezident ölkənin xarici siyasətinin hər hansı xarici qüvvələrdən asılı olmadığını, praqmatik xarakter daşıdığını Azərbaycanın mövqeyinin məhz bu prinsiplər əsasında formalaşdığını diqqətə çatdırıb.

Cənab Prezident İlham Əliyev müsahibədə yer alan mövzularla bağlı dəqiq və lazımi cavabları verməklə gələcək plan və layihələrin konturlarını cızmış oldu: doğru yürüdülən siaysət, ağıllı iqtisadi idarəetmə, dost ölkələrlə əlaqələrin üst səviyyəyə çatdırılması. Deyilənləri ümumiləşdirərək sonda qeyd edim ki, yaxın gələcəkdə Azərbaycan bölgənin tam inkişaf etmiş ölkəsinə çevriləcəyi mütləqdir, qaçılmazdır. yap.org.az