"“Şəhidlik manifesti” kitabı şəhidlərimizin ruhu qarşısında öz hesabatımdır" - EKSKLUZİV MÜSAHİBƏ

15 Oktyabr 2021 14:50 (UTC+04:00)

Bu günlərdə “CBS-PP” nəşriyyatında “Şəhidlik manifesti” kitabı nəfis tərtibatla işıq üzü görüb. Səs İnformasiya Agentliyinin əməkdaşı kitabın müəlifi, yazıçı-publisist Nurəddin Ədiloğlu ilə həmsöhbət olaraq müsahibə alıb. Həmin söhbəti oxuculara təqdim edirik:

- Niyə məhz Zəfər Günü ilə bağlı kitab yazmaq qərarına gəldiniz?

- Əvvəla, Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisə və möhtəşəm gün kimi XXI yüzillikdə bütün dünya azərbaycanlılarının qəlbinə həkk olunub, həm xalqımıza böyük ruh yüksəkliyi verib, həm də millətimizi layiq olduğu qüruruna qovuşdurdu. Zəfər günü 30 ilə yaxın düşmənin davam edən işğalçılıq siyasəti üzərində dövlətimizin hərbi qüdrətinin, eyni zamanda, xalqımızın tükənməz iradəsinin və vətənpərvərlik ruhunun əbədi təntənəsidir… Ona görə də xalqımızın Zəfər salnaməsinin unudulmaz qəhrəmanları haqqında yazmaq ilk növbədə bizim - yaradıcı adamların mənəvi borcudur.

- Kitabda nələr əks olunub? Ən çox hansı məsələlərə toxunulub?

- Vətən müharibəsinin ilk günündən başlayaraq çalışdığım “İki sahil” qəzetində qəhrəman əsgər və zabitlərimiz haqqında silsilə məqalələrim dərc olunurdu. Onlar 1988-ci ildən bəri Vətən uğrunda həlak olan bütün şəhidlərimizin, günahsız qurbanların qanını yerdə qoymadılar. Beləcə, Azərbaycan adlı bir məmləkətin, xalqımızın - ulu bir millətin varlığını yaşatmaq üçün şəhid olanların həyat hekayəsini bir kitabda toplamaq qərarına gəldim. Həm bədii, həm də sənədli üslubda qələmə aldığım “Şəhidlik manifesti” kitabı da şəhidlərimizin ruhu qarşısında mənim bir vətəndaş və yazıçı olaraq öz hesabatımdır.

- Ad seçimini necə etdiniz? Kimləsə məsləhətləşdiniz?

- Maraqlı sualdır. Etiraf edim ki, kitab nəşrə hazırlanan ərəfədə “Vətənpərvərlik manifesti” adlandırmışdım. Bir dəfə yolum “Azərbaycan” nəşriyyatına düşdü. Qələm dostum, əməkdar jurnalist Əbülfət Mədətoğlu məsləhət bildi ki, “Şəhidlik manifesti” daha yaxşıdır. Ona görə mən bu kitaba 61 şəhidin döyüş yolundan bəhs edən yazılarımı daxil etdim. Vətən müaharibəsi haqqında digər kitabımı “Sözün müharibə rəngi” adlandırdım. Həmin kitab da yaxın günlərdə işıq üzü görəcək.

- Şəhidlərin həyat və hekayəsini qələmə almaq necə bir hissdir?

- Ömürləri yarımçıq qalmış şəhidlərdən yazmaq, onları boya-başa çatdıran və Vətən uğrunda savaşa göndərən ata-anaların göz yaşı içində xatirələrini dinləmək əlbəttə, çox çətin işdir... Çünki övlad acısı dərdlərin ən böyüyü, ən ağrılısıdır. Təbii ki, dünyada hər kəsə öz övladı qədər Vətəni də əzizdir. Əvəzsiz söz incilərimizdə deyilir: “Ana kimi yar olmaz, Vətən kimi diyar”. Şəhid ailələrini ziyarət edərkən mən övlad itkisini qəlbinə gömüb “Təki Vətən sağ olsun!” deyən atalar da gördüm, övladının nişan üzüyünü, bəylik qiyafəsini, ondan yadigar qalan əşyaları bağrına basıb ağlayan analar da... Şəhid valideynləri övladları haqqında elə xatirələr danışdılar ki, onların hər biri ayrı-ayrılıqda böyük bir əsərin mövzusudur.

- Kitabın ərsəyə gəlməsində sizə maddi-mənəvi dəstək göstərənlər olub?

- Bəli olub. 380 səhifəlik “Şəhidlik manifesti” kitabının nəfis tərtibatla arayə-ərsəyə gəlməsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədova xüsusi minnətdarlığımı bildirirəm. Məhz onun mənəvi və maddi dəstəyi sayəsində mən ən ucqar dağ kəndlərinə gedib şəhid ailələri ilə görüşə bildim. Onu da qeyd edim ki, döyüş yollarından bəhs etdiyimiz şəhidlər Masallıda, Bakıda, Sumqayıtda və başqa bölgələrdə boya-başa çatıblar. Millət vəkili M.Məmmədov özü də mütamadi olaraq şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, şəhidlərin anım və doğum günlərində iştirak edir, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlindən gələni əsirgəmir.

- Hal-hazırda yeni bir layihəniz varmı?

- Yuxarıda bildirdiyim kimi, Vətən müharibəsindən, erməni vandalizmindən bəhs edən ikinci kitabım – “Sözün müharibə rəngi” nəşrə hazırlanır. Qarabağ müharibəsi mövzusunda “Vatan pervaneləri” kitabım ötən il Türkiyədə nəşr olunub. Bu il isə Masallıda Xalq Teatrının sənəsində müəllifi olduğum “Ruların qısası” adlı tamaşası virtual nümayiş olunub. Düzü, şəhid valideynləri ilə görüşlərimdə eşidiyim kövrək xatirələr yaddaşıma silinməz izlər salıb. Ona görə irihəcimli bədii əsər yazmaq fikrindəyəm. Bu layihə inşallah, mənim Birinci Qarabağ müharibəsindən bəhs edən “Qara sarmaşıq” romanımın zəfərlə sonuclanan davamı olacaq.

Ayşən Vəli