İnformasiya və kommunikasiya texnologiyaları inkişafa zəmin yaradır - TƏHLİL

15 Oktyabr 2021 14:34 (UTC+04:00)

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) XX əsrin son onilliyindən başlayaraq artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Məhz bu səbəbdən də son illər Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və kommunikasiya texnologiyaları inkişaf səviyyəsinə görə milli iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha intensiv inkişaf edib. Müasir informasiya və kommunikasiya texnologiyaları sahəsinin intensiv və yüksək səviyyədə inkişafını yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və regionlar üzrə genişlənməsi ilə də təsdiq etmək mümkündür.

İnformasiya cəmiyyətinə keçid, onun formalaşdırılması, elektron hökumətin təşkili və intellektual potensialın inkişafı istiqamətində Azərbaycanda neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi daha dinamik inkişaf etməkdədir. Ona görə daha dinamik inkişaf etməkdədir ki, əhəmiyyəti artıq danılmazdır və bu sahədə uğurlu addımlar göz önündədir. İnkişaf dinamikası təsdiq edir ki, müasir dövrdə və gələcək perspektivdə sözsüz ki, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyəti, eləcə də rolu daha da artacaqdır.

Gələcəkdə hər bir ölkənin davamlı rəqabət aparmaq qabiliyyəti, məhz bu ölkələrin informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi imkanlarından asılı olacaqdır və məhz bu səbəbdən də hal-hazırda dünya bazarında elektron ticarətin rolu və yerinin getdikcə artdığı müşahidə edilir ki, bu da təbiidir. Texnologiyalar əhalinin mövcud sosial-iqtisadi durumunda mövcud olan müxtəlif problemlərin səmərəli həll edilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması üçün əsas, həm də tutarlı vasitələrdən hesab edilir və məhz buna görə də son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunması istiqamətində müəyyən işlər görülüb, əksər sahələrdə bu texnoloji imkanların tətbiqi istiqamətində böyük uğurlar əldə edilib və etiraf etmək lazımdır ki, bütövlükdə həmin istiqamət də mövcud dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilibdir.

Aparılan müşahidələrdən, eyni zamanda araşdırmalarda da bəlli olur ki, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektoru daha sürətlə və dinamik şəkildə inkişaf etməkdədir. Bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, mühüm dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycan Respublikasının ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilibdir. Xüsusilə, elektron hökumətin formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımların atılması, müasir və modern texnologiyaların vətəndaşların gündəlik həyatında tətbiqi, Azərbaycan dilli internet resursların zənginləşdirilməsi, respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi sadalananların əyani sübutudur.

İnformasiya və kommunikasiya texnologiyalarının ölkəmizdə hər il qeydə alınan inkişaf tempi də səbəbsiz deyil. Buna ən başlıca səbəb əlbəttə ki, dövlət dəstəyinin gücləndirilməsidir. Heç şübhəsiz ki, bu dövlət dəstəyi nəticəsində ölkədə özəl İKT şirkətlərinin sayı artır, onlara ayrılan investisiyalar çoxalır və ixrac imkanları daha da yüksəlir. Ölkə rəhbərinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, “İKT sektorunun mühüm tərkib hissəsi olan telekommunikasiya infrastrukturu və texnologiyası biznes fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir ki, bu da qeyri-neft sektorunun inkişafına əsaslı zəmin yaradır, nəticədə iqtisadi inkişafı təmin edir. Belə ki, mobil cihazlar vasitəsilə həyata keçirilən müxtəlif əməliyyatlar, eyni zamanda çoxsaylı elektron ödənişlər və digər elektron əməliyyatlar üçün telekommunikasiya sənayesi mühüm platforma təklif edir. Əlbəttə ki, informasiya və kommunikasiya texnologiyaları sənayesinin daim yeniləndiyini və innovasiyaların tətbiq edildiyini nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, bu sektorun öz faydalarını daha da artırması üçün böyük potensial mövcuddur və bu da öz növbəsində ölkə iqtisadiyyatının beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin daha da yüksəlməsinə əlverişli şərait yaradılması imkanı deməkdir.

Dövrümüzdə informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənməkdə davam edir və bu təsir dairəsi artıq dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsil sahəsini, mədəniyyət sahəsini, ümumiyyətlə, bütövlükdə cəmiyyəti əhatə edir. Təsadüfi deyil ki, informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır və diqqət etdiyimizdə görürük ki, indi cəmiyyətimizi informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür belə etmək mümkünsüzdür. Bütün bunları nəzərə alaraq Azərbaycan dövləti indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb və bunun inkişafına dair normativ sənədlər qəbul edilib. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, həmçinin, cənab Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən sənədlər İKT-nin inkişafına Azərbaycan dövlətinin diqqətlə yanaşdığını təsdiq edir.

"Elektron Hökumət"in formalaşdırılması ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri hesab olunur və bu, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsində yaradılan əlverişli şərait deməkdir. Elektron imza texnologiyasının tətbiq olunmasından, ölkənin şəbəkələşməsindən tutmuş, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratmasına qədər hamısı məhz elektron dövlətin əlamətlərindəndir. Əlbəttə ki, yeni texnologiyaların meydana çıxması ilə əlaqədar, informasiya resurslarının sayının, eləcə də həcminin artması təbii haldır və insanların informasiya texnologiyalarına get-gedə daha yaxından bələd olması, bu imkanlardan daha səmərəli şəkildə yararlanması onu deməyə əsas verir ki, ölkəmizdə bu iş qənaətbəxş hesab olunur.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən ən səmərəli işlərdən biri də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərin yaradılmasının ən böyük əhəmiyyətindən biri də ölkədə bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırılmasıdır. Bu mərkəzlərin yaradılmasında ən ümdə məqsəd də vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Hazırda ölkə əhalisinin, vətəndaşlarımızın böyük əksəriyyəti bu xidmətdən yararlanır və etiraf etmək lazımdır ki, hər mənada bu xidmətdən razıdırlar.

Bir il bundan öncə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan, 44 gün davam edən və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın dövlətinin, Azərbaycan xalqının qələbəsi ilə, 30 il işğalda saxlanılan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən müharibədə qazanılan təcrübələr, eləcə də müşahidələr təsdiq edir ki, müasir dövrdə baş verən hərbi toqquşmalar və savaşlar zamanı qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın, texnoloji üstünlüklərin gücünə əldə edilir. Bu üstünləri olan tərəf əlbəttə ki, qalib gəlməlidir və biz bunun əyani şahidi də olduq. Bəli, 44 gün davam edən Vətən müharibəsi zamanı xalqımız, dövlətimiz təkcə cəbhədə deyil, eləcə də informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək informasiya müharibəsində də öz sözünü dedi, qalib gəldi.

Təkcə müharibə dönəmində deyil, müharibə bitdikdən sonra da biz işğaldan azad olunan həmin ərazilərdə texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə başlanıldığının da şahidi olduq. Məhz “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin də texnoloji imkanlarla gerçəkləşdiriləcəyi təkzib edilə bilməz. Onu da təkzib etmək olmaz ki, bu layihələr, daha dəqiq desək, texnoloji imkanlar sayəsində reallaşdırılacaq bu layihələr daha çox gəlir əldə etməyə, məşğulluq imkanı yaradılmasına, dövlət xidmətlərinə çıxışın təmin olunmasına töhfələrini verəcək. Elə məhz buna görə də nəzərdə tutulan bu sözügedən layihənin bütün dünyanın diqqət mərkəzində olması da təsadüfi deyil, hansı ki, bu layihələr informasiya və kommunikasiya texnologiyaları sayəsində reallaşmaqdadır.

Təbii ki, rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiklərimiz cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə aparılan islahatların məntiqi nəticəsidir. Əlbəttə ki, rəqəmsal iqtisadiyyat quruculuq istiqamətində mühüm bazanı istər dövlət, istərsə də özəl sektor tərəfindən icra olunan proqramlar formalaşdırır və mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevriləcəyi şübhə doğurmur.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.