“Müharibə olmayacaq…bəs onda biz neyləyək?”

15 Oktyabr 2021 14:32 (UTC+04:00)

Belə görünür ki, “…İranla Azərbaycan arasında müharibə ehtimalı azalır”. Heç yeridir? Ermənilər neçə müddətdir həsrətlə “Azərbaycan-İran müharibəsinin” başlanmasını gözləyirlər. Bu da başlayıb ki, iki ölkə arasındakı gərgin münasibətlər artıq səngiyir. Yəni münasibətlər düzəlir…

Axı, özünü erməni hərbi eksperti kimi təqdim edən Hayk Naqapetyan bunları deyib, ermənilərin həsrətli arzularını onların gözündə qoymaqda məqsədi nədir? Hələ bir utanmadan dediklərinə əsas da gətirib deyir ki, guya bu dəqiqə İrana müharibə lazım deyil. Cünki bu gün Çin İran iqtisadiyyatının inkişafına xeyli investisiya yatırıb. Bu, İranın qarşıdakı 20 il üçün sürətli inkişafını təmin edəcək. Məhz buna görə də, İran bütün bunları bərbad etmək istəmir.

Maraqlıdır ki, Hayk Naqapetyan müharibəni başlama ehtimalının az olduğunu deməklə ermənilərin “könüllərini qırdığını” anlayıb səhvini düzəltməyə də çalışır. Deyir ki, bəlkə də müharibənin başlamaq şansı var, amma çox azdır. Sonra da deyir ki, müharibənin başlamasını istəməyən Rusiyadır. Çünki Rusiya da başa düşür ki, bu müharibə başlasa, qisa vaxtda onun öz ərazisinə sıçraya bilər. Bu isə, bölgəni partlatmaq, elə Rusiyanın da payının olduğu bütün investisiya layihə və enerji proqramlarının alt-üst olması deməkdir.

Deyim ki, bunları deməklə ermənilərin qəsdinə dayandığının fərqinə varmayan Hayk Naqapetyan elə bil özü erməni deyilmiş. Hələ bir utanıb-bozarmadan bölgədə müharibə ehtimalının azalaraq artıq sıfıra bərabər olduğunu və bunun da əsas səbəbkarının yenə də Rusiya olduğunu deməklə öz həmvətənlərinin dədələrinə od qoyduğunu qanmır.

Hayk isə öz işindədir, yenidən döşəyir və bu dəfə də deyir ki, sən demə, Çinin də burada müharibəyə ehtiyacı yoxmuş, çünki bu regionda müharibənin başlaması “Bir Kəmər - Bir Yol” proqramının icrası çərçivəsində Çinin də maraqlarını şübhə altına ala bilər. Üstəlik, Çinlə Rusiya arasındakı strateji müttəfiqliyi və Çin ilə İran arasındakı iqtisadi strateji müttəfiqi də nəzərə almaq lazımdır .

Ey gidi dünya! İndi gəl, kiməsə ümid elə…erməni kimi vəfalı bir tərəfdaşı bütün layihələrdən kənarda qoymaq bəs deyilmiş, indi də qapı dalında qoyurlar. Məhz elə buna görədir ki, deyəsən, bu dəfə ermənilər “ciddiləşirlər” və onlara körük basmağa əlyeri qoymayan Hayk Naqapetyana ciddi xarakterli belə bir sual ünvanlayırlar: “…bəs, belə olan halda, biz indi neyləyək?

Ağasəf Babayev