Dağıstanda zəhərlənən 8 nəfər xəstəxanaya yerləşdirilib

15 Oktyabr 2021 01:39 (UTC+04:00)

Dağıstanın Xunzax rayonunda yeddisi uşaq olmaqla səkkiz nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

SIA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Son iki gündə kəskin bağırsaq infeksiyası diaqnozu ilə 8 nəfər Xunzax Mərkəzi Regional Xəstəxanasına yerləşdirilib, onlardan 7-si məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstələrin hamısı yüngül və orta ağırlıqdadır, ağır xəstəlik halları yoxdur. Əsas simptomlar ürəkbulanma, qusma, ishal, bədən istiliyinin artması, halsızlıqdır”, - məlumatda belə deyilir.

Nazirlikdən verilən məlumata görə, Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin mütəxəssisləri rayon xəstəxanasının həkimləri üçün konsultasiya keçiblər.

Bildirilir ki, xəstələrdən lazımi material götürülərək infeksiyanın səbəblərinin araşdırılması və müəyyən edilməsi üçün laboratoriyaya göndərilib.