Çavuşoğlu: "Taliban heyətinə tövsiyələr verdik"

14 Oktyabr 2021 23:11 (UTC+04:00)

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.

M. Çavuşoğlu görüş zamanı bir çox məsələlərlə bağlı Talibana tövsiyələr verdiklərini vurğulayıb: “İlk olaraq Taliban nümayəndə heyəti Əfqanıstandakı vəziyyət barədə bizi məlumatlandırdı. Hər şeydən əvvəl ölkənin birliyi üçün Əfqanıstandakı bütün etnik və dini qrupların nümayəndələrinin hökumətə daxil edilməsi önəmlidir. Qadınların iş həyatında çalışa bilmələri ilə də bağlı öz tövsiyələrimizi verdik”.

XİN rəhbəri qeyd edib ki, görüşdə Türkiyənin Məzari-Şərif və Herat Baş Konsulluqlarının fəaliyyətinin bərpası məsələsi də müzakirə edilib.

Nazir Çavuşoğlu onu da qeyd edib ki, Taliban nümayəndə heyəti humanitar və inkişafla bağlı yardımların, Əfqanıstana sərmayə qoyuluşunun davam etdirilməsinə dəstək verilməsini xahiş edib.

Çavuşoğlu "Taliban heyəti əfqan qaçqınlar ölkələrinə qayıtmaq istəsələr əllərindən gələn dəstəyi verəcəklərini söylədilər" deyib.