Vətənə olan sevgi insanı canından keçməyə vadar edir - PAYTAXT SAKİNLƏRİ - SORĞU

14 Oktyabr 2021 15:45 (UTC+04:00)

Vətənpərvərlik, vətənimizə, doğulduğumuz torpağa duyduğumuz sevgidir və mənəvi hissdir deyə bilərik. Hər kəsin vətəni doğulduğu yerdir. Suyuna, daşına, torpağına canımızı qurban verə biləcəyimiz yeganə vətənimiz Azərbaycan üçün nə qədər can qurban verildi. Çox qan töküldü, amma buna dəyərdi! Nə olursa olsun, biz bu vətəni heç kimə vermədik və verməyəcəyik. Bugünkü anlar üçün də şəhidlərimizə və qazilərimizə borcluyuq. Onlar öz canlarından keçərək bir an belə düşünmədən mənfur düşmənləri məhv edərək torpaqlarımızdan təmzilədilər. 17 oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin il dönümüdür. Görəsən, azərbaycanlıların bu qələbə haqqında təəssüratları nələrdir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirtdik:

Şəhər sakini Mir Fazil Həsənov: “Bu barədə ilk öncə onu deyə bilərəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bu savaşda düşünmədən canlarından keçdilər. Bu qələbə ən çox da şəhid analarımızındır. Belə cəsur igidlər yetişdirdikləri üçün onlara çox təşəkkür edirəm".

Şəhər sakini Minayə Sofiyeva: “Mən bir Azərbaycan vətəndaşı olaraq qürur hissi ilə bildirirəm ki, biz bu qələbəni şəhidlərimizin qanı bahasına qazandıq. Torpaqlarımızı düşmənlərimizdən geri ala bildik. Həmin gündən sonra başımızı dik gəzə bilərik. Zəfər bizimlə oldu. Mən o möhtəşəm zəfər gününü də heç zaman unutmayacam. O sevinci bizə yaşatdığı üçün Prezidentimizə də böyük təşəkkürlərimi bildirirəm".

Şəhər sakini Rəmzi Abbasov: “Qələbə bizlər üçün çox sevindiricidir. Lakin, şəhidlərimizin anaları gözü yaşlı qaldı. Onlarla danışanda həmişə deyərdilər ki, biz övladlarımızı vətən uğrunda şəhid verdik, onlar öz istəyi ilə bunu etdilər. Çünki vətənə olan sevgi insanı canından keçməyə vadar edir. Biz isə sadəcə şəhidlərimizə rəhmət diləyə bilərik. Qazilərimizə isə Allahdan can sağlığı arzu edirik".

Şəhər sakini Sevinc Həsənzadə: “Füzulinin işğaldan azad olunması münasibəti ilə ilk öncə, bütün azərbaycanlıları təbrik edirəm. Torpaqlarımızı almaq üçün neçə-neçə oğullar öz canlarından keçiblər. Bundan sonra şəhidlərimizin bizə əmanət olaraq verdiyi torpaqları daha yaxşı qorumalıyıq ki, onların da ruhu şad olsun".

Şəhər sakini Sahib Əbdülrəhimov: “Torpaqlarımızın işğaldan azad olunması bir azərbaycanlı olaraq məni çox sevindirir. Azərbaycan xalqı sübut etdi ki, onlar mübarizdir. Bu da normaldır, çünki Azərbaycanda həmişə mübarizlər və cəsurlar yetişir. Əlbəttə ki, ölkə başçımızın əsas uzaqgörən politik siyasəti bu qələbənin əldə olunmasında çox böyük rol oynadı. Füzulidə qətl edilən analarımızın və bacılarımızın qisasının alınması məni çox sevindirdi. Bu zəfərin əldə olunmasında şəhid olan igidlərimizə də rəhmət diləyirəm. Allah ailələrinə də səbr versin".

Şəhər sakini Ayşən Vəliyeva: “Öncədən deyim ki, Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanları uğrunda alınan bu torpaqlarda elə özləri kimi igidlər böyüyəcək. Bu qələbə bizim üçün çox böyük bir uğur idi. Azərbaycan xalqı sonunda öz gücünün fərqinə vardı. Ulu Öndər Heydər Əliyevin də arzusu bu idi. Möhtərəm Prezidentimiz İlham Əliyev də bu arzunu gerçəyə çevirdi. Hər kəsi bu qələbə münasibəti ilə təbrik edirəm".

Türkiyə vətəndaşı Servet Dağlar: “Bu ölkə çox gözəldir. Onun dəyərini, qiymətini bilmək lazımdır. Füzulinin işğaldan azad olunmasının ildönümü münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycanın tarixinə qızıl həriflərlə yazıldı. Uğurumuzu isə bu müharibədə qurban gedən şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin".

Şəhər sakini Təranə Rəhimli: “Ümümiyyətlə 44 günlük vətən müharibəsinin bu səviyyədə nəticələnməsi, 30 illik həsrətimizə son qoyulması xalqımızın hər bir vətəndaşı kimi məni də çox sevindirir. Deyə bilərəm ki, təkcə Füzulinin yox, bütün o dəyərli vətən torpaqlarının hər qarışını biz daima azad görmək istəyirik. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla bu qələbədə əməyi olan hər kəsi təbrik edirəm. Şəhidlərimizə isə rəhmət diləyirəm".

Şəhər sakini Xatirə Salmanova: “Bu torpaqlar bizim əbədi və daimi qorunan tariximizdir. Sevincimizin həddi-hüdudu yoxdur. Qələbə onsuzda bizim olmalı idi və belə də oldu. Allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə isə can sağlığı versin".

Rüqəyya Orucova