Borclu usta borcdan qurtulmaq üçün intihara əl atıb

14 Oktyabr 2021 01:38 (UTC+04:00)

Gəncədə intihara cəhdin qarşısı alınıb.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə “Nizami” məqbəsi yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Goranboy rayonunun Gülməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Mustafayev sərxoş vəziyyətdə özünü körpüdən atmaq istəyib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Uzun sürən danışıqlardan sonra 30 yaşlı kişini fikrindən daşındırmaq mümkün olub. E.Mustafayev əraziyə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, 30 yaşlı kişi işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün intihara cəhd edib. Onun darvaza ustası olduğu bildirilir.

Qeyd edək ki, obyektin sahibi hadisə yerinə gəlib və E.Mustafayevə borcunu bağışladığını bildirib. Bundan sonra o, körpüdən düşüb.

Faktla bağlı araşdırma aparılır.