İkinci dəfə ailə həyatı quranlara PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

13 Oktyabr 2021 15:24 (UTC+04:00)

İnsanlar, boşandıqdan sonra yeni həyatlarına uyğunlaşma və həyatlarını yenidən qurma prosesinə girirlər və bu müddət ərzində yeni bir münasibət qurmağa hazırlaşırlar. Onlar, əvvəlki evliliklərində etdikləri səhvləri qiymətləndirərək tənhalıqdan qurtulmaq, əvvəlkindən daha yaxşı ailə qurmaq və tək yaşamağın məsuliyyətini sosial, iqtisadi və psixoloji olaraq bölüşmək üçün ikinci dəfə evlənə bilərlər. Bəs, görəsən şəhər sakinlərinin bu mövzuda təəssüratları nələrdir? SİA olaraq Bakı şəhərinin sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Murad Əliyev: “Kişi olaraq deyə bilərəm ki, köhnələrin bir sözü var “Kişi istədiyi qadınla evlənə bilər amma nəticədə ona pis baxılmaz. Qadın isə ilk evliyində yanlış qərarlar verib peşman ola bilər”. Məncə, əgər gənc bir xanımdırsa niyə də ikinci ailə həyatı qurmasın?! Bizim mentalitet təbii ki buna biraz yaxşı baxmır. Amma fikrimcə, belə deyil. Çünki qadın cavandırsa və bu həyatı yaşamaq onun haqqıdırsa ikinci bir ailə həyatı qurulmalıdır. Mənim hal-hazırda 20 yaşım var və ailə həyatı qurmaq kimi bir düşüncəm yoxdur. Boşanmış qadın ilə ailə həyatı qurmağım isə o xanıma qarşı olan hislərimə və ailəmin fikirlərinə bağlıdır”.

Şəhər sakini Odqan Dursunəliyev: “Bu mövzuda fikirlərim mentalitetimizə bağlıdır. Azərbaycanda boşanmış kişiyə pis baxılmır və onun ikinci və ya üçüncü dəfə ailə həyatı qurması hər zaman mümkündür. Boşanmış qadının isə bu qədər şansı olmaya bilər. Çünki, bəzi kişilərin fikirlərinə görə, qadın bir dəfə ailə həyatı qurmalıdır və uğursuz evlilik olsa da sona qədər davam etdirməlidir. Mən isə boşanmış bir xanımla ailə həyatı quraram”.

Şəhər sakini Mahir Musayev: “İkinci və ya üçüncü dəfə ailə həyatı quranlara münasibətim birmənalıdır. Bu çox normal bir haldır. Əgər iki insan bir-birini sevirsə, onların arasında bu problem ola bilməz. Mən boşanmış xanımla ailə həyatı quraram. Lakin, bu onun hansı səbəblə boşandığına bağlıdır”.

Şəhər sakini Orxan Dadaşov: “Hər bir insanın xoşbəxt olmağa haqqı var. Bu fərq etmir kişi ya da qadın olsun. "Kim nə deyər?"-deyə yaşamamaq lazımdır. Hər kəs həyata bir dəfə gəlir, seçim isə insanın öz əlindədir. Əlbəttə, məndə boşanmış bir xanım ilə ailə həyatı quraram”.

Şəhər sakini Elvina Kərimova: “Məncə hər kəsin öz şəxsi seçimidir. Mənim fikrimcə isə əgər qarşımdakı insanın psixologiyası yerindədirsə həmin insanla münasibət quraram. Müasir düşüncəli bir insan olaraq mən boşanmış bir kişi ilə ailə həyatı quraram”.

Şəhər sakini Ülkər Kazımova: “Mən, normal münasibət göstərirəm, əsas odur ki, insan bu həyatda xoşbəxt yaşasın. Hər bir insanın bir ailəyə ehtiyacı var ona görə də ikinci dəfə ailə həyatı qurmaları şərtdir. Sadəcə evlənməklə ailə qurulmur, sədaqət, sevgi, hörmət və birlik olduqda o ailənin təməli sağlamdır deməkdir. Həyatda bəzi səhvlər edə bilərik əsas odur ki, o səhvlərdən təcrübə qazanaq”.

Şəhər sakini Sevinc Zamanova: “Münasibətim pis deyil, çünki boşanma hər kəsin başına gələ biləcək bir vəziyyətdir. Heç kim həyatdan sığortalanmayıb. İkinci dəfə ailə qurmaq istəmək hər kəsin haqqıdır. İkinci dəfə ailə quran insanlara tövsiyyəm odur ki, yeni həyata addım atarkən keçmişdə baş verənləri unutsunlar”.

Şəhər sakini Mərmər Hacıyeva: “Düşünürəm ki, birinci dəfə evlilik həyatı alınmayıbsa, ikinci dəfə ailə qurmaq normaldır. Yenidən ailəyə sahib olmaq, niyə də olmasın? "İkinci dəfə də hər şey əla olacaq" deyə belə fikir bildirmək çətindir. Amma ikinci dəfə də bu addımı atmaq pis olmaz”.

Şəhər sakini Cəmalə Hüseynova: “Bilirəm ki, gündəmdə olan mövzulardan biri də budur. Əgər insan birinci evliliyində yanılıbsa, səhv edibsə, keçmişi silib yeni səhifə açmalıdır. Mən, əlbəttə ki, çox sevsəm ailə həyatı quraram”.

Rüqəyya Orucova