Dəhşətli qəza barədə açıqlama verilib

13 Oktyabr 2021 14:32 (UTC+04:00)

Bu gün səhər saatlarında aeroport yolunda ağır yol qəzası baş verib. Yük maşını ilə avtobusun toqquşması zamanı baş verən qəzada xəsarət alan 17 nəfər Sabunçu Tibb Mərkəzinə çatdırılıb. SİA xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev xəstələrin kəllə beyin travması, döş qəfəsinin zədələnməsi, sağ ətrafın amputasiyası ilə bağlı reanimasiya şöbəsində olduğunu bildirib.

Mais Ağayevin SƏS TV-yə verdiyi məlumata görə, hadisə Mərdəkan istiqamətində hərəkət edən "Mersedes" markalı yük avtomobilinin sürücüsünün yuxulu olmasına görə baş verib.

Yük maşını hərəkətdə olan 171 saylı avtobusa arxadan dəyib. Avtobusu 200 metrədək sürüyərək piyada keçidinin altındakı köşkə çırpıb. Qəza nəticəsində həm avtobusda olan sərnişinlər, həm də ərazidə olan piyadalar arasında ölən və xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Təyyarqızı