"Bu, yaranmış reallıqlardan ortaya çıxan bir zərurət idi" - DEPUTAT ŞƏRH ETDİ

13 Oktyabr 2021 13:00 (UTC+04:00)

“18 oktyabr və 28 may bayramlarının adlarında dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim olundu və deputatlar tərəfindən bu dəyişiklik müsbət qarşılandı. Çünki Azərbaycan faktiki olaraq 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və biz müstəqilliyi məhz 28 may tarixində əldə etmişik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, 1991-ci ildə yenidən müstəqilliyi əldə etmək çox çətinliklə başa gəldi və həmin ərəfədə 18 oktyabr təkrarən "Müstəqillik Günü" kimi qeyd edilməyə başlanıb: “Lakin faktiki olaraq 18 oktyabr "Müstəqilliyin Bərpası Günüdür" və bu baxımdan da sözügedən dəyişiklik 44 günlük Vətən Müharibəsindən sonra yeni yaranmış reallıqlardan ortaya çıxan bir zərurətdir. Biz bu gün bu dəyişiklikləri etməklə həm tarixi proseslərə düzgün qiymət vermiş oluruq, həm prosesləri öz adı ilə çağıra bilir, həmçinin də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu bu dəyişikliklə sübut etmiş oluruq”.

N.Həmzəyev vurğulayıb ki, bu qanun layihəsi artıq iki oxunuşda qəbul edilib və qanun layihəsini dəstəkləyənlərdən biri də mənəm: “Qanunun məğzi və qayəsi ilə bütün deputatlarımız razıdır. Möhtərəm cənab Prezidentə də bu təklifi irəli sürdüyünə görə dərin təşəkkürümüzü bildiririk. Fikrimcə, həm 28 may, həm də 18 oktyabr həmişə olduğu kimi bundan sonra da yüksək əhval-ruhiyyə ilə qeyd ediləcək. Biz gələcəkdə 8 noyabr gününü də Zəfər Günü olaraq qeyd edəcəyik”.