"Xalq o siyasətin davam etdirilməsini alternativ siyasət olaraq qəbul etdi" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

13 Oktyabr 2021 12:09 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabrda Prezident vəzifəsinə seçilməsi və ondan sonrakı dövr Azərbaycanın inkişaf, tərəqqi, qələbə, zəfər tarixi kimi tariximizə yazılacaq. Məhz 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin siyasətinə səs verdi. Xalq o siyasətin davam etdirilməsini alternativ siyasət olaraq qəbul etdi və Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyevə səs verərək onu Heydər Əliyev siyasətinin davam etdirilməsi üçün böyük vəzifəyə seçilməsini təmin etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirmiş bir müdrik siyasətçi, öz xalqının layiqli lideri və Müzəffər Ordunun Ali Baş Komandanı kimi bizim tariximizə düşəcək: "Həmin, 2003-cü il seçkiləri dövründə və seçkilərdən sonra "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" söyləyən cənab İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, O, təkcə 10 milyonluq Azərbaycan vətəndaşlarının deyil, 50 milyondan çox dünya azərbaycanlılarının həqiqi lideri, Prezidenti və Ali Baş Komandanıdır".

Deputat sözlərinə belə davam edib: "Cənab İlham Əliyevin o vaxt qarşıya qoyduğu bütün məsələlər öz həllini tapıb. İlham Əliyev "600 min yeni iş yeri açacağam" söyləyəndə ekspertlərin çoxu buna inanmırdı. Amma, həmin dövrdən bu yana 2 milyon yarımdan çox yeni iş yeri açılmışdır ki, onun 2 milyondan çoxu daimi iş yerləridir".

"Bütün Azərbaycanın regionlarını harmonik inkişaf etdirəcəyəm", "Neft kapitalını insan kapitalına çevirəcəyəm", "Azərbaycanı dünyanın nüfuzlu dövlətlərindən birinə çevirəcəyəm" deyən cənab İlham Əliyev dedikləri bütün sözlərin arxasında durdu və verdiyi bütün vədləri yerinə yetirmiş oldu.

2004-cü ilin fevralında cənab Prezidentin imzası ilə qəbul olunan "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı Azərbaycanın bütün şəhərlərini, kəndlərini, qəsəbələrini inkişaf etmiş müasir bir görkəmə gətirməklə yanaşı güclü infrastruktur, o cümlədən, istehsal yönümlü sənayenin də qurulmasına gətirib çıxartdı: "Azərbaycan qısa müddət ərzində kosmos klubunun üzvü oldu və bu gün bizim kosmosda 3 süni peykimiz fəaliyyət göstərir".

Azərbaycan qısa müddət ərzində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilə bildi. Mədəniyyət, iqtisadiyyat, idman, humanitar sahələrdə böyük forumlara ev sahibliyi etdi və hal-hazırda da BMT-dən sonra dünyanın 2-ci ən nüfuzlu beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına da Azərbaycan sədrlik edir.

Cənab Prezident İlham Əliyev Azərbaycanı bütün dünyada tanıtmaqla yanaşı Azərbaycanın siyasətini, siyasi xəttini də inkişaf etdirərək qarşıya qoyulan bütün məqsədlərə çatmış oldu. Orta aylıq əmək haqqı, pensiyalar, müavinətlər dəfələrlə yüksəldi və Azərbaycan bu gün yaşayış üçün minimum əmək haqqının, pensiyanın məbləğinə görə MDB məkanında ən öncül yerlərdən birini tutur.

Eyni zamanda Azərbaycan öz ordusunu cənab Prezidentin rəhbərliyi altında yenidən qurdu və XXI əsrin müasir ən yüksək döyüş qabiliyyəti olan bir ordusunu yaratdı. 30 ildən çox işğal altında olan torpaqlarımızı ötən ilin 27 sentyabr və 10 noyabr tarixlərində 44 gün davam edən Zəfər müharibəsində işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş oldu. Biz, bu il müstəqilliyimizin 30 illiyini böyük qürur hissi ilə keçiririk. Çünki, müstəqilliyimizin 30 illiyini Azərbaycan ərazi bütövlüyünün təmin olunması şəraitində gözəl şəhərlərimizin, qəsəbələrimizin işğaldan azad olunması şəraitində həyata keçiririk. Bu gün böyük ümidlə gələcəyə baxaraq Zəngəzur dəhlizinin açılmasını gözləyirik və yəqin ki, yaxın vaxtlarda da bu məsələ də reallaşacaq, türk dünyasının 100 ildən artıq bir müddətdə quru əlaqəsi kəsilmiş coğrafiyanı cənab Prezident İlham Əliyevin qüdrətli əlləri, dahi siyasəti ilə bərpa edəcəyik. Bu təkcə nəqliyyat kommunikasiyaların açılması deyil, bu tarixin yenilənməsi, türk dünyasının bütövləşməsi və Azərbaycanın dünyada və regionda güclü bir oyunçu və mühüm söz sahibinə çevrilməsinin bir göstəricisidir.

Eyni zamanda, şəhərlərimizi də müasir şəkildə quracağıq, işğaldan azad olunmuş torpaqlarımızda artıq Ağdamın, Zəngilanın, Füzulinin, Şuşanın ən müasir şəkildə qurulmasının baş planı hazırlanıb və təsdiq olunub. İşğaldan azad olunmuş torpaqlarımızda bizim 3 hava limanının tikilməsi, ora dəmir yolunun çəkilməsi, Kəlbəcərə yeni yolun, o cümlədən tunellərin tikintisi ilə müşayiət olunan müasir bir yolun çəkilməsi Dağlıq Qarabağın qısa müddət ərzində Azərbaycanın çiçəklənən bir cənnətə çevrilməsinin ifadəsidir və nümunələridir. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan xalqı çox böyük bir tərəqqi yolu keçmiş oldu. Onun apardığı siyasət nəticəsində elmimiz, təhsilimiz, səhiyyəmiz, idmanımız, mədəniyyətimiz yeni-yeni nailiyyətlər əldə etdi, yeni-yeni zirvələrə yüksəlmiş oldu.

Mən, müstəqilliyimizin 30 illiyində cənab Prezidentə yeni-yeni uğurlar, can sağlığı arzulayıram və hesab edirəm ki, artıq cənab Prezidentin qarşıya qoyduğu məsələlər yaxın vaxtlarda öz həllini tapacaq. Biz, nəinki Şərqi Zəngəzura, bütövlükdə tarixi torpaqlarımızın hamısına qayıtmaq imkanları əldə edəcəyik".

Ayşən Vəli