Payızda bu qidalardan uzaq durmanız məsləhətdir - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

11 Oktyabr 2021 11:44 (UTC+04:00)

"Ümumiyyətlə, payız mövsümündə daha çox insanlar depressiyadan əziyyət çəkirlər. Təbii ki, bu depressiya ilk olaraq mövsümün dəyişməyi yayın, isti havaların bitməsi və sərin havaların birdən-birə düşməsi ilə əlaqəli ola bilər". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, depressiya birinci səbəblərdəndir ki, insanın immun sistemini aşağı salır: "Ona görə də yaxşı olar ki, mütləq şəkildə sağlam qidalanmamıza fikir verək. Sağlam qidalanmamız dedikdə mütləq şəkildə biz səhər yeməyimizi yeməliyik. Çünki, səhər yeməyi çox önəmlidir və demək olar ki, qidalanmanın əsas hissəsini təşkil edir. Bu səbəbdən mütləq şəkildə yuxudan oyandıqdan sonra su ilə başlayıb, sonra bir saat içində səhər yeməyi yeməliyik".

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Yaxşı olar ki, səhər yeməyində də mütləq şəkildə təzə nanə və digər göyərtilərdən istifadə edin. Pendir, yulaf əzməsi və yaxud yulafla olan sıyıqlar, meyvələr və s. mütləq səhər bunlardan istifadə etmək çox faydalı hesab olunur. Eyni zamanda günə enerjili başlamamıza səbəb olur, mütləq şəkildə maddələr mübadiləsinin yaxşı işləməsi, orqanizmin güclü olması üçün su qəbul etməliyik".

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Adətən olur ki, yaydan payıza keçəndə havaların sərinləməsi ilə əlaqədar olaraq insanlar su qəbul etməyi azaldır və bu da zərərli maddələrin orqanizmdə yığılıb qalmasına səbəb olur. Bu da çox pis təsirlərini göstərir. Ona görə suyu vacib hesab etmək lazımdır".

"Daha sonra hər yeməkdə günorta və axşam yeməkləri də daxil olmaqla mütləq çiy tərəvəzlərdən, meyvələrdən istifadə etmək lazımdır ki, çünki onların içindəki enzimlər eyni zamanda antioksidant vitaminlər də var ki, bunlar da immun sistemini gücləndirir və təbii ki, xəstəliklərə qarşı qoruyucu olur. Payızda immun sistemi aşağı düşdüyü üçün sink tərkibli qidalar da çox faydalıdır. Bunlara badam, qoz, fındıq, fıstıq kimi quru çərəzləri göstərə bilərəm ki, insanlar mütləq onlarla da qidalansınlar. Onlar da maddələr mübadiləsini sürətləndirir, enerjili və pozitiv olmağa kömək olur".

"Uzun müddət ac qalmamağa çalışmaq lazımdır, çünki, orqanizmdə enerji çatmadıqda insanlar həm neqativ olur, həm də immun sistemi zəifləməyə başlayır və tez xəstələnir, viruslara qarşı müdafiəsiz olur. Mütləq şəkildə qapalı yerlərdə daha çox qalmamağa diqqət etməlidirlər. Xüsusilə siqaret çəkilən ortamlarda. Çünki, virus və bakteriyalar bağlı, dumanlı yerlərdə daha çox qalır və daha çox tez yayılır. Ona görə də bu da xəstəliklərin yayılmasına səbəb ola bilər. Mütləq gün ərzində açıq havada qalmaq lazımdır. Ən az bir saat açıq havada olmaq lazımdır və gün ərzində gəzmək daha çox faydalı ola bilər".

Ayşən Vəli