"Bayramların adları ilə bağlı verilən qərar doğru, məntiqli və ədalətlidir" - DEPUTAT AÇIQLADI

9 Oktyabr 2021 17:46 (UTC+04:00)

“Bildiyiniz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Müstəqillik Günü haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdik və layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu. Təklifin məzmunu bundan ibarətdir ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilsin”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu da həm tarixi həm də hüquqi aspektdən həm doğru və məntiqli, həm də ədalətli yanaşmadır: “Hər şeydən öncə ona görə ki, prosesin kökündə dayanan və 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında qəbul edilən sənəd «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə adlanır. Yəni, məsələ müstəqilliyin əldə edilməsi yox, bərpa edilməsi formatında qoyulur. Elə həmin sənəddə parlament qərara gəldi ki, Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca Konstitusiya Aktı hazırlansın və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həm 30 avqust Bəyannaməsinin mətnində, həm 18 oktyabr Konstitusiya Aktını ikinci maddəsində açıq mətnlə bildirilir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Varis o deməkdir ki, biz yeni müstəqil olmuruq, bundan əvvəl müstəqilllik mövcud olub və 1991-ci ildəki Aktla biz bu müstəqilliyimizi bərpa etmişik. Ona görə də tam məntiqlidir ki, 28 mayı müstəqillik, 18 oktyabrı isə müstəqilliyimizin bərpası günü kimi qeyd edək. Qanun layihəsində də qanunvericilik təşəbbüsünün subyekti məhz bu prinsipi haqlı olaraq rəhbər tutub. Həqiqətən reallıq da bundan ibarətdir ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət müstəqilliyini əldə etməyib, 70 il əvvəl mövcud olmuş müstəqilliyimiz bərpa edilmişdir”.

Ayşən Vəli