“Bəlli olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyinin açıqlamalarında eyni zamanda, dünya erməni diasporunun fəaliyyətində yalan məlumatlar, yalançılıq xüsusi bir qırmızı xətt kimi keçir. Onlar öz yalanları ilə həm dünya ictimaiyyətində, həm Ermənistan vətəndaşlarında, eyni zamanda Azərbaycanda yanlış rəy yaratmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. 44 günlük müharibənin gedişatında da bu yalanlar intensivləşərək çoxaldı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, ermənilər yalançı məlumatlar yaymaqla 44 günlük müharibə dövründə Azərbaycanda rəyi çaşdırmağa çalışırdılar: “Onlar Azərbaycanda müharibənin qaydasız, beynəlxalq prinsiplərə uyğun olmayan formada keçirilməsi barədə yalançı informasiyalar yayırdılar. Əhalidə təşviş doğuracaq, əhalini çaşdıracaq informasiyalara üstünlük verirdilər. Əlbəttə sonradan erməni hakimiyyətinin erməni hərbi siyasi kursunda bu yalanları üzə çıxdı”.
Müşfiq Ələsgərli sözlərinə belə davam edib: “Bildiyimiz kimi hətta erməni jurnalistləri özləri də indi Ermənistan hakimiyyətinin yalanları barədə xüsusi bir rublika yaradaraq həmin 44 günlük müharibə dövründə danışdıqları yalanları ifşa edirlər. Orada bu yalanları xronoloji ardıcıllıqla göstərirlər. Amma məsələ ondadır ki, 44 günlük müharibənin gedişatında onların yalanları hələ ifşa olunmamışdı, hansı fikirləri yalan, hansıları doğru dedikləri barədə dəqiqlik yoxdur. Məhz həmin dövrdə Azərbaycan mediası Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfindən ortalığa atılan yalan, təxribatçı informasiyanın ifşa olunmasında böyük rol oynadı. Bu informasiyaların geniş yayılmaması dünya və Azərbaycan əhalisinin Ermənistan ərazisində çaşqınlıq yaratmaması üçün Azərbaycan mediası həqiqətləri axtardı, tapdı və yaymaqla Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanını ifşa etmiş oldu”.
“Belə ki, 44 günlük müharibə dövründə Azərbaycan mediası çox peşəkar, vətənpərvər davrandı, Azərbaycanın dövlət qurumları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərdi və təxribatçı informasiyaların qarşısının alınmasında insanların real obyektiv məlumatlar almasında mühüm rol oynamış oldu. Azərbaycan mediasının 44 günlük müharibə dövründə fəaliyyəti vətənpərvər, peşəkar və milli mənafeyə uyğun fəaliyyət oldu”.
Ayşən Vəli