Regionların sosial-iqtisadi inkişafı üçün real şərait yaradılıb - TƏHLİL

7 Oktyabr 2021 17:21 (UTC+04:00)

Konkret hədəflərə əsaslanan strategiya və baxışlar sistemi olmadan iqtisadi sahədə yüksək nəticələrin qazanılması mümkünsüzdür və hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü siyasi liderlər sayəsində mümkündür. Bu mənada Azərbaycanın Cənubi Qafqaz regionunda sayılıb-seçilən, nüfuzlu dövlətlərdən birinə çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi sayəsində mümkün olub. Dövlət başçısının rəhbərliyi ilə ölkənin siyasi və sosial-iqtisadi həyatında fundamental dəyişikliklərin aparılması, iqtisadi siyasətdə çevikliyin təmin olunması, struktur dəyişiklikləri ilə institusional islahatların paralel şəkildə aparılması konkret hədəflərə çatmağa imkan yaradıb.

Ölkəmizdə milli iqtisadiyyatın sosialyönümlü olması, xüsusilə, insan amilinin ön planda dayanması əlbəttə ki, ən çox diqqəti cəlb edən məqamdır. Dövlətimizin yürütdüyü siyasətin əsasını vətəndaş amili təşkil edir, insanların maraq və mənafeləri öndə dayanır və bu barədə ölkə başçısı cənab İlham Əliyev şəxsən dəfələrlə bildirib. Prezidentin rəhbərliyi ilə aparılan çoxşaxəli islahatlar sözün həqiqi mənasında sosialyönümlüdür və diqqəti cəlb edən ən vacib məsələ də bu çoxşaxəli islahatların əsas hədəfi, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir. Təbii ki, iqtisadiyyatın şaxələndirilməsi onun dinamik inkişafı, dayanıqlı olması üçün vacibdir. Nəzərə alsaq ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsidir və bu baxımdan da xarici mühitdən təsirlənə bilir, deməli, iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, xüsusilə, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi mütləq təmin olunmalıdır.

Müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdıran məhz ölkədə, regionda, eləcə də ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslərdir. Dövlət başçısının, cənab Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd ölkənin uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin müəyyənləşdirilməsi və islahatların konkret proqramlar əsasında reallaşdırılması üçün yeni imkanlar yaradıb. Ölkədə aparılan sistem xarakterli islahatlar, xüsusən, hökumətin tərkibinin yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin Ermənistanın işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahələrində yeni vəzifələr müəyyənləşdirilməsinə zəmin yaradıb. Sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda duran ən vacib vəzifələrdəndir. Bu baxımdan da şaxələndirmə və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi, yerli və xarici sərmayələrin təşviqi, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, kapital və sığorta bazarının inkişafı və digər mühüm məsələlər ön plandadır.

Son illər dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları, ələlxüsus müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi islahatların miqyasını və tempini sürətləndirir. Bu, eləcə də xidmət sahələrində vətəndaş məmnunluğunun, idarəçilikdə səmərəliliyin və şəffaflığı təmin edilməsi deməkdir. Heç şübhəsiz ki, belə islahatlar yaradıcı düşüncəli, islahatlara meyilli menecer və texnokrat baxışlı məmur elitasının təmsil olunması üçün geniş imkan açıb və nəticə də göz önündədir.

Ölkə başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə sosial siyasətin təminatı sahəsində başlıca hədəflərin aydın və əhatəli şəkildə öz əksini tapması diqqət çəkən məqamdır. Beləki, həmin sənəddə yüksək inkişaf yalnız iqtisadi artım göstəricisi kimi yox, eyni zamanda cəmiyyətin bütün üzvlərinin sosial rifahının yüksəldilməsi baxımından vacib amil olaraq göstərilir. Buna müvafiq olaraq, iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin olunması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması, artan gəlirlərin daha geniş iqtisadi imkanlar yaratması, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması gözləniləndir.

Görülən işlər, nəzərdə tutulanlar, bundan sonrakı on ildə aparılacaq islahatlar təbii ki, ümumi inkişafa gətirib çıxaracaq və bu da hər bir vətəndaşın layiqli şəkildə bəhrələnməsinə səbəb olacaq. Bu, eləcə də yüksək və ədalətli sosial təminat sisteminin, inklüziv cəmiyyətin yaradılmasına, paytaxt və regionların tarazlı inkişafına xidmət edəcək. Bir sözlə, nəzərdə tutulan yüksək inkişaf səviyyəsi sosial rifahın artması, əhalinin sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, yoxsulluq səviyyəsinin tamamilə azaldılması, hətta aradan qaldırılması deməkdir ki, yaxın on ildə buna şahid olacağımıza əminik. Çünki, sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının hər il durmadan artması, daha da genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da zəmin yaradır. Məhz regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün ən başlıca amil və şərt də elə bundan ibarətdir.

Son 1 ildə, yəni dünyanı pandemiya öz cənginə aldığı bir dövrdə, özü də bir sıra Avropa ölkələrində büdcə xərclərinin azaldıldığı halda, ciddi sosial gərginlik yarandığı məqamda Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngimə belə olmayıb. Baxmayaraq ki, yeni növ koronavirusun geniş yayılmasının iqtisadi fəallığa və büdcə daxilolmalarına mənfi təsiri danılmazdır. Amma belə bir mənfi təsirlərin fonunda sosial təminat və sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi təsadüfi deyil və ölkədə sosial-iqtisadi yüksəlişin olduğunu təsdiq edir.

Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafı üçün real şərait yaradılıb və lazımi bütün addımlar dövlət tərəfindən atılır. Regionların ümumi inkişaf səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə icrası davam edən proqramlar mövcuddur. Əgər sərəncamlar, qərarlar, dövlət proqramları, eyni zamanda öhdəliklər layiqincə yerinə yetirilərsə, regionların gələcək sosial-iqtisadi inkişafına zərrə qədər şübhə ola bilməz.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.