İsti və soyuq şəkildə suyu qəbul etsək nə baş verər ? - NÜANSLAR - MÜSAHİBƏ

7 Oktyabr 2021 14:31 (UTC+04:00)

Qida texnoloqu Ağa Salamovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Su necə qəbul olunmalıdır? İsti, yaxud soyuq şəkildə suyu qəbul etsək, hansı ziyanları ola bilər?

- Elm dili ilə desək, ən yaxşı su diri sudur və diri su da axar sudur. Axar su məsələn, bulaqlardan, çaylardan gələn sudur. Ən faydalı su hesab olunur. Bundan əlavə su içdiyimiz zaman onun PH-ı (red: pe haş) nəzərə alınmalıdır. Çox vaxt su şirkətləri PH-ı 7.4, 7.6 yazırlar. Hətta 7.8 yazanlar da olur. Qanımızdakı süni PH 7.4-dür. Ona görə də, istehlak etdiyimiz su da 7.4 PH olmalıdır ki, orqanizmimizə lazımi, faydalı mineralları ötürə bilsin. Təbii ki, xəstə insan üçün otaq temperaturundakı su çox soyuq ola bilir. Ona görə də, xəstə insanın suyu və qidası sağlam insanın su və qidasından fərqli olur.

- İnsanlar evlərində su filtrlərindən istifadə edirlər. Həmin bu su filtrləri suyu nə dərəcədə düzgün təmizləyir?

- Həmin filtrlərin əvəzinə regionlarda xüsusilə də Tovuz zonasında daşlar satılır ondan istifadə etmək daha düzgündür. Lakin elə insanlar var ki, həmin daşları alırlar və illərlə yumurlar. Daşlardan düzgün şəkildə istifadə etmirlər. Filtrlər suyu elə filtrləyir ki, həmin suyun tərkibindəki ağır metalları, çöküntüləri götürməklə yanaşı, həmçinin onun tərkibindəki faydalı mineralları da götürür. Nəticədə bu suyun insan orqanimizə heç bir faydası olmur və bu, ölü su adlanır.

- Yuxalar daha yaxşıdır, yoxsa digər çörək növləri?

- Kalori baxımından yuxanın kalori dəyəri çörəyə nisbətən daha üstündür. Boş karbohidratlar və faydalı karbohidratlar var. Boş karbohidratlar rüşeym və kəpək qisminə ayrılan un məhsullarından əldə olunan yuxa və ya çörək boş karbohidrat sayılır. Ağardılmış, əla növ dediyimiz un belə boş karbohidratdır. Boş karbohidratlar oreksin maddəsini beyində aşağı salır. Oreksin maddəsi melotanin hormonunun ifrazının qarşısını alır. Yəni ifraz olunmağını dəstəkləyir amma boş karbohidrat istehlak etdiyimizdə oreksin maddəsi aşağı düşdüyünə görə, melotanin hormonu da ifraz olunmur. Əsl çörək və ya yuxa tam buğda unundan hazırlanır. Ümumiyyətlə, tam buğda unundan hazırlanmış çörək və ya yuxa daha sağlamdır.

- Biz gün boyu hansı qidanı qəbul etsək, özümüzü daha gümrah hiss edə bilərik?

- Elm deyir ki, insanın ikinci beyni mədəsidir. Bildiyimiz kimi, seratonin hormonu da mədədə ifraz olunur. Ona görə də, biz elə qidalar istehlak etməliyik ki, o bizim xoş əhval-ruhiyyədə olmamıza səbəb olsun. Mövsümi meyvə-tərəvəzlər buna misal ola bilər. Çünki vaxtında yetişən meyvə və tərəvəzləri istehlak etmək insanın immun sistemini artırır. Amma mövsümi olmayan meyvə və yaxud da tərəvəzləri istehlak etdikdə orqanizmimizə heç bir faydası olmur, əksinə, daha ziyan verir. Mövsümi meyvə tərəvəzlərdə liflər zəngindir. Çox vaxt uşaqlara kök və ya çuğunduru çəkib suyunu verirlər. Amma bu yanlışdır. Çünki kökün şirəsini çəkərkən kök liflərindən ayrılır və bu da orqanizmdə qida dözümsüzlüyü yaradır. Yaxşı olar ki, kompotdan istifadə etsinlər.

- Marketlərdə çörəyin açıq şəkildə satılması nə dərəcədə düzgündür?

- Biz artıq bununla bağlı nə qədər müraciətlər etmişik. Müəyyən sanitar-gigiyena qaydaları var ki, onlara əməl olunmalıdır. Biz ancaq çörəyin üzərində köklənmişik, amma ümumiyyətlə üzəri açıq məhsulları, qidaları almamalıyıq.

- Xəmir yeməklərinin insan oqranizmi üçün zərərli olduğu deyilir. Bu, nə dərəcədə düzgündür?

- Qida rasionunu aşmamaq şərti ilə xəmir yeməklərini istehlak edə bilərlər. Məsələn xəngəl keçmişə baxdıqda əl dəyirmanında üyüdülmüş undan edilirdi. Amma indi adını əla növ un adlandırılan undan hazırlayırlar. Bu da rüşeym və kəpək qismi ayrılıb. Amma bu, o demək deyil, bunu istehlak etmək olmaz. Sağlam insan 200 qram istehlak edərsə, heç bir problem olmaz.

Arzu Qurbanzadə