"Bütün fəaliyyətin əsas prioriteti Qarabağ sakinlərinin razılığının təmin olunmasıdır" - DEPUTAT AÇIQLADI

7 Oktyabr 2021 13:07 (UTC+04:00)

"30 ilə yaxındır ki, Qarabağ sakinləri öz doğma yurdlarına həsrət qalıb, ağır şəraitdə yaşayırlar. Azərbaycan hökuməti onlara müəyyən imtiyazlar versə də, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi uzun müddət çəkirdi. Demək olar ki, müəyyən bir hissəsi evlə təmin olunmuşdu, 44 günlük müharibəyə qədər də onların evlə təmin olunması prosesi davam edirdi. Lakin Azərbaycan ordusu yeni reallıqlar yaratdı və torpaqlarımız azad olundu. İndi həmin ağır şəraitdə yaşayan sakinlər əvvəlkindən də gözəl Qarabağa qayıdacaqlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, bunun üçün dövlətimiz yüksək məbləğlər ayırıb: "Artıq Qarabağın şəhər və rayonlarının bərpasının baş planları hazırlanıb, ictimaiyyətə də təqdim olunub. Cənab Prezident qeyd etmişdi ki, biz Qarabağı bərpa edərkən sakinlərin mövqeyini və təklifini öyrənib qiymətləndirəcəyik. Bu gün işğaldan azad olunan torpaqlara cənab Prezidentin səfəri zamanı yerli sakinlərlə görüşü də bunun təsdiqinin əyani formasıdır".

"Bəli, bütün məcburi köçkün və qaçqınlar öz torpaqlarına yüksək səviyyədə yaradılmış şəraitlə təmin olunmuş şəkildə geri dönəcək. Bütün fəaliyyətin əsas prioriteti Qarabağ sakinlərinin razılığının təmin olunmasıdır".

Ayşən Vəli