“Çox çeşidli qidalanmaq daha yaxşıdır. Ümumiyyətlə, əgər biz yeyiriksə, təbii ki, ilk olaraq sağlamlığımızı bərpa etmək, gündəlik enerjili, gümrah olmaq, qocalma prosesini ləngitmək istəyirik. Bütün bu amillərə qidalanmamız və eyni zamanda da həyat tərzimiz çox böyük təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, qidalanma dedikdə, qida rasionumuza daxil olan qidaları zülallar, karbohidratlar, yağlar, vitamin minerallar, lifli qidalar sellülozlar, yəni bunların hər biri orqanizmin sağlamlığı üçün çox vacibdir və mühüm rol oynayır: “Eyni zamanda da hər biri müəyyən miqdarda qəbul olunmalıdır. Hər hansı biri qədərindən artıq olarsa təbii ki, orqanizmə zərər verər. Ona görə hər bir insanın fərdi xüsusiyyətinə, gündəlik iş rejiminə, fiziki aktivliyinə, çəkisinə, maddələr mübadiləsinə görə onun fərdi qidalanma rejimi olmalıdır və hər insan özü hansı qidanın ona necə təsir edəcəyini bilməlidir. Çünki, bəzi insanlar həddindən artıq tez kilo alır ki, o insanlar da təbii ki, miqdarı tənzimləməlidir. Onun üçün çox yemək yaxşı hesab olunmur”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bəzi insanların maddələr mübadiləsi çox sürətlidir, həddindən artıq aktiv insandır və yaxud fiziki işdə çalışan insanlara çox yemək yaxşıdır. Çünki, çox yemək ona enerji verəcək. Karbohidratlar birinci növbədə orqanizmi enerji ilə təmin edir və zərərli-faydalı karbohidratlar olaraq bölünür ki, bunların əsas faydalılarına toxunmaq istəyirəm”.
“Ən faydalıları təbii buğda unundan olan çörəklər, buna ağ çörək, qara çörək, evdə bişmiş un məmulatları, meyvələr, paxlalılar, kartof bunların tərkibi faydalı karbohidratlar hesab olunur. Lakin, bəzən zərərli, boş karbohidratlar hesab etdiklərimiz var ki, buna tortlar, pirojnalar və yaxud un məmulatlarından makaronu deyə bilərəm ki, sousla hazırlanıb, həddindən artıq yağlıdır, qarışıqdır və bu artıq boş karbohidratlar hesab olunur. Yəni, orqanizmə faydası yoxdur”.
“Qazlı, şirin içkilər faydasızdır və bunlar da boş karbohidratlar hesab olunur. Həm sağlamlığa ziyandır. Həm də orqanizmdə öz zərərini, dişlərə və çəkiyə göstərir.
Bəzən deyirlər ki, yağı çox yeməyək, zərərlidir, amma düzgün şəkildə keyfiyyətli yağ orqanizmə faydalıdır. Əsasən də səhər yeməklərində çox faydalıdır. Buna kərə, nehrə, salatlarda zeytun yağını aid edə bilərəm. Digəri isə bizim immun sistemini gücləndirən əsas amillərdən biridir. Sellülozlu lifli qidaları qəbul etmək demək olar ki, orqanizmdə bağırsaqların hərəkətliliyini təmin edən mədədə doyumluluğu təmin edən əsas qida mənbəyidir ki, bunlar da mütləq şəkildə rasionumuzda olmalıdır. Daha çox sellülozlu qidalara meyvə-tərəvəzləri, paxlalıları, çərəzləri aid edə bilərik ki, bunların tərkibi liflərlə zəngindir. Vitamin və mineral dəyəri mütləq şəkildə lazımdır, çünki, bütün orqanizmdə gedən proseslərin gedişatı üçün bir insana 40-a yaxın vitamin və mineral lazımdır və bu vitamin mineralı bir qidadan ala bilmərik. Mütləq şəkildə biz müxtəlif çeşidli etməliyik ki, həmin vitamin mineralları orqanizmimizlə təmin edək”.
“Daha sonra əsas məsələ çox qidalanmaq deyil də gündəlik qəbul edəcəyimiz qidaların kolori miqdarına çox ciddi şəkildə fikir verməliyik ki, biz sərf edəcəyimiz enerji ilə o kolori miqdarı aşmasın. Daha sonra gün boyu qəbul edəcəyimiz qidaları mütləq bölməliyik ki, bu qədər bizim səhər yeməyimizdir. Məsələn, səhər yeməyi gündəlik normamızın 30, nahar yeməyi 50, şam yeməyi 20 faiz təşkil etməlidir. Amma, yaxşı olar ki, 35 yaşdan yuxarı insanlar gün ərzində 2 dəfə qidalansınlar, iki əsas yemək, bir isə ara öyün yeməklərində yeyə bilərlər. Axşam isə az və yüngül qidalarla qidalanmaq daha məqsədəuyğundur. Daha sonra yenə gün ərzində bütün kolori, yağ, şəkər miqdarı heç biri bir-birini aşmamalıdır və hər gün mütləq şəkildə təzə meyvə-tərəvəz yeməliyik. Bunu mütləq şəkildə vərdiş halına gətirmək lazımdır. Meyvə-tərəvəz qəbul etmək necə ki, dərman tapşırılanda hər insan vaxtında yeyirsə, bu meyvə-tərəvəzi də onun kimi qəbul etsə orqanizmin vitamin balansını da təmin etmiş olar”.
“Su orqanizm üçün çox önəmlidir və düzgün miqdarda hər gün su qəbul etmək lazımdır. Buradan da belə nəticəyə gəlmək olar ki, çox yemək deyil, müxtəlif çeşidli orqanizmə lazım olan qidaları lazım olan vaxtda və düzgün miqdarda qəbul etmək lazımdır”.
Ayşən Vəli