"Ayrılan vəsait regionların inkişafına böyük təsir göstərəcək" - İQTİSADÇI EKSPERT AÇIQLADI

7 Oktyabr 2021 12:32 (UTC+04:00)

"Regional magistiral yolların çəkilməsinə hər zaman kifayət qədər vəsait ayrılır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu vəsaitin nəticəsində regionlarda gediş-gəliş yaxşılaşır və rahatlaşır. Atılan bu addım növbəti mərhələdə regionlarda iqtisadi aktivliyin artmasına kömək edəcək amillərdən birinə çevrilir.

Natiq Cəfərli bu haqda fikrini belə izah edib: "Çünki yol inrastrukturunun keyfiyyətli olması və rahatlaşdırılması həm regionda yaşayan əhalinin bir-biri ilə münasibətlərini, gediş-gəlişini asanlaşdırır, həm də regionlarda iqtisadi əlaqələrin yaxşılaşmasına gətirir çıxarır. Kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasının sürətini artır və vaxtını azaldır. Bu da fermerlərə və regionlarda yaşayan insanlara iqtisadi aktivlik üçün kifayət qədər kömək edən amildir. Buna görə də, regionlarda yol infrastrukturlarının qurulması və ya onların yenidənqurulması ümumi regionların inkişaf proqramının tərkib hissəsidir. Bu istiqamətdə illərdir vəsaitlər ayrılıb. Ayrılan vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsi, effektivliyinin artırılması, qurulan infrastruktura nəzarətin gücləndirilməsi əsas məsələdir. Bununla da ayrılan vəsait regionların inkişafı üçün daha da böyük təsir göstərmiş olacaq".