“Azərbaycan Vətən Müharibəsində Böyük Zəfər əldə etdikdən sonra həm regionda böyük bir fiqura çevrildi, həm də bir çox sahələrdə daha da möhkəmləndi. Bu isə Azərbaycanın Zəfərinə kölgə salmaq istəyən qüvvələrdə ciddi narahatlıq doğurdu”. Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
Onun sözlərinə görə, müəyyən xarici qüvvələrin Zəfərimizə kölgə salmaq üçün istifadə etdikləri vasitələrdən biri də din oldu: “Bildiyimiz kimi, din həm cəmiyyətə güclü təsiretmə funksiyasına malikdir, həm də cəmiyyətdən dinə təsirlərin olma ehtimalı çoxdur. Yəni, dinə hər zaman ikiyönlü baxmaq lazımdır. Buna görə də dinin səmimi, saf mahiyyəti kənarda buraxılaraq, ondan siyasi alət kimi istifadə etmək üçün hər zaman cəhdlər olub. Biz, bunu müstəqilliyimizi bərpa etdiyimiz ilk günlərdən hiss etmişik və Zəfərimizdən sonra dinin siyasi alət kimi Azərbaycana qarşı yönəltmək cəhdlərinin daha da artdığını müşahidə edirik. Lakin bir şeyi unutmamaq lazımdır ki, Azərbaycanda dini ənənələr çox dərin köklərə malikdir. Azərbaycanda İslamdan əvvəl bir çox dinlər mövcud olub. İslamı qəbul etdikdən sonra xalqımızın əksəriyyəti bu dinə itaət edib. Həm əvvəlki dinlər, həm də daha sonra İslam Azərbaycanda milli birliyimizin önəmli bir komponenti olub. Bu ənənənin qorunub saxlanılması çox vacibdir. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra məhz dini siyasətini də həmin ənənəyə söykənərək qurmuşdur. Bu siyasət sadəcə həmin ənənələrə söykənməklə kifayətlənmir, həm də onların inkişaf etdirilməsinə xidmət edir. Biz bunun nəticələrini müharibədə də gördük. Bütün xalq Ali Baş Komandanın "Dəmir yumruq" altında birləşdi. Dinindən, məzhəbindən asılı olmayaraq hər kəs, həmin "Dəmir yumruğ"un bir parçası halına gəldi”.
Mehman İsmayılov sözlərinə belə davam edib: “Hər bir ölkənin din modeli, din siyasəti və dini ənənələri var. Təbii ki, müxtəlif dini ənənələr arasında müxtəlif bənzərliklər ola bilər. Amma hər ölkə öz daxili sturukturuna və daxili quruluşuna görə həmin dini ənənəni formalaşdırır. Azərbaycan da müstəqil olduqdan sonra bir çox sahələrdə olduğu kimi, din sahəsində də məhz bu cür öz xalqına, ənənəsinə söykənən din siyasətini formalaşdıraraq həyata keçirib. Bizim dindarlarımız da hər daim bu siyasəti yaxından dəstəkləyiblər”.
“Təxribatların artdığı bu günlərdə təbii ki, dindarlarımızın da bu siyasətə daha çox dəstək vermələri, milli şüurdan, milli vəhdət və birlikdən məsələyə baxmaları vacibdir. Təbii ki, bizdə ənənə səmimi sevgiyə əsaslanan dinə söykəndiyi üçün dindarlarımızın düşüncəsi də həmin ənənə ilə yoğrularaq bugünlərə gəlib çatıb. Müstəqillik bərpa olunduqdan sonra dövlət hər sahədə olduğu kimi dini sahəyə də böyük diqqət göstərib və 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə uzun illərdir ki, dini etiqad azadlığının təmin olunması, inkişafı, dini icmaların dövlət qeydiyyatına alınması və dini maarifləndirmə sahəsində məqsədyönlü fəaliyyət həyata keçirir”.
Ayşən Vəli