“SƏS” qəzeti daha bir yeniliyə imza atdı! FOTOLAR

6 Oktyabr 2021 21:33 (UTC+04:00)

Yeni dizaynla və rəngli formatda

Azərbaycanın müstəqil mətbuatında özünəməxsus yeri və rolu olan “SƏS” qəzeti müasir dünyamızın tələbləri ilə ayaqlaşmaqda və tərəqqi yolunu tutmaqda davam edir. Belə ki, qəzetimiz artıq oxucularının qarşısına rəngli formatda çıxaraq, dizayn üslubunu daha da genişləndirib. Nəfis tərtibatı ilə diqqət çəkən qəzet yenilənmiş manşeti ilə yanaşı, həm də oxucu auditoriyasının maraqlarına cavab verən sosial araşdırmaları, siyasi-analitik yazıları, iqtisadi təhlilləri, idman xəbərləri və s. sahələri əhatə edən şərhləri, fotosüjetləri ilə də öz inkişaf yolunu uğurla davam etdirməkdədir.

Onu da qeyd edək ki, “SƏS” qəzeti bir müddət əvvəl ölkə mediasında daha bir ilkə də imza atıb. Belə ki, qəzetin oxucuları bir sıra informasiyaları videogörüntü vasitəsi ilə izləmək imkanını əldə ediblər. Videoxəbərləri izləmək üçün android sistemli telefonlara və smartfonlara QR Code Reader skine proqramından istifadə edilir.

Yeniliklə bağlı “SƏS” Media Qrupunun rəhbəri, qəzetin baş redaktoru Bəhruz Quliyev də bildirib ki, müasir texnologiyalar dövründə bütün sahələrdə olduğu kimi, qəzetçilik sahəsində də yeniliklərə, kreativliklərə ehtiyac duyulur və növbəti addım da bu reallıqları ehtiva edir. Baş redaktor bu yeniliyi müasir və müstəqil Azərbaycan mətbuatının ardıcıl uğurlarından biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dövlətin diqqət və qayğısının nəticəsidir ki, artıq çap mediası da öz rentabelli tərəqqisini əldə etmək imkanlarını qazanmaqdadır.

Xatırladaq ki, "SƏS" qəzetinin balansında "SƏS" İnformasiya Agentliyi, qəzetin PDF formatı, eləcə də "SƏS" İnternet Televiziyası fəaliyyət göstərir. Qeyd etmək yerinə düşərdi ki, internet TV-nin də ilk olaraq bu media qurumunda fəaliyyətə başlaması zamanında ilklərdən olub.

Ulu Öndər Heydər Əliyev "SƏS" qəzeti haqqında vurğulamışdır: “SƏS” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın”.

Ulu Öndərimizin tarixi kəlamları “SƏS”çilər üçün bir kredo kimi götürülüb və hər zaman yeniləşmə, modernləşmə yolunu tutmaqla müasir mətbuatımızda özünəməxsus uğurları ilə tərəqqi edir.

O cümlədən, Prezident İlham Əliyevin “SƏS” qəzetinin yaranmasının 20-ci ildönümü ilə bağlı qəzetin kollektivinə göndərdiyi təbrik məktubunda vurğuladığı fikirləri fəaliyyətimizə sonsuz stimul verməkdədir. “İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış “Səs” qəzetinin kollektivi bundan sonra da həqiqət carçısı olacaq, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.

Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram”, deyə Dövlətimizin Başçısı qəzetimizin yubileyi münasibəti ilə vurğulamışdır.

Qarşıda isə bizi növbəti kreativ ideyalarımız, modern tələblərə cavab verəcək standartlarımız ilə öz çoxsaylı oxucularımızı, daimi auditoriyamızı sevindirməyə davam edəcəyik.

“SƏS” qəzetinin kollektivi