Oktyabrın 6-da Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev, qazilər və digər ictimaiyyət nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən müharibəsinin şəhidləri - kapitan Elvin Ədalət oğlu Kazımovun və baş leytenant Kamran Qurbanəli oğlu Kazımovun anım günləri ilə əlaqədar II Fəxri xiyabanda onların məzarlarını ziyarət ediblər. SİA xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verilib.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən, torpaq yolunda canından keçən bütün oğul və qızlarımızın bizim qürur mənbəyimiz olduğunu bildirib: “Qəhrəman zabitlərimiz və əsgərlərimiz döyüş meydanında çiyin-çiyinə savaşıb, bir-birinə qardaş münasibəti göstəriblər. Onların hər biri yüksək peşəkarlıq nümayiş etdirərək qısa zamanda – cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad ediblər. 500-ə yaxın zabitimizin şəhidlik zirvəsinə ucalması onu göstərir ki, düşməndən fərqli olaraq Azərbaycan zabitləri əsgər arxasında gizlənməyib. Rütbəsindən asılı olmayaraq bütün hərbçilərimiz - xalqımızın cəsur oğulları polkovnikləri, generalları ön cəbhədə xidmət ediblər. Elə buna görə də Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Bununla da Azərbaycanın gücünü, qüdrətini, əzmkarlığını bütün dünya gördü”.
R.Quluyev vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixində igidlərimiz də, qələbələrimiz də çox olub: “Amma 44 günlük Vətən müharibəsində göstərilən şücaət, qəhrəmanlıq, hərbi taktikalar öz unikallığı ilə yaddaşlarda qaldı. Vətənin azadlığı uğrunda döyüşən şəhidlərimizin, qazilərimizin ailələri başımızın tacı, dövlətimizin əmanətidir. Bu oğullar öz kişilik borclarını namusla, şərəflə yerinə yetiriblər. Şəhid ailələrinə, onların övladlarına, valideynlərinə diqqət və qayğı göstərmək vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər birimizin borcudur”.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda hər birimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu ən müqəddəs məkanlardan birindəyik: “Mən kapitan Elvin Kazımovun və baş leytenant Kamran Kazımovun, onların döyüş yoldaşlarının, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəman oğullarımızın ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət, qazilərimizə cansağlığı, şəhidlərimizin doğmalarına, valideynlərinə səbir diləyirəm”.
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid və cəsur Azərbaycan əsgər və zabitlərinin 44 gün ərzində böyük şücaət göstərərək qazandıqları Qələbə dünya hərb tarixinə həmişəlik yazıldı” deyən V. Rəhimzadə bildirib ki, İkinci Qarabağ savaşının Zəfərlə başa çatması ilə biz həm 30 ilə yaxın davam edən işğalın sona yetməsinin, əzəli və müqəddəs torpaqlarımızın erməni hərbi birləşmələrinin işğalından azad edilməsinin, həm də hərbçilərimizin misilsiz qəhrəmanlıqlarının, əsgərlərimizin hər addımda göstərdikləri igidlik və şücaətin canlı şahidi olduq: “ Birmənalı olaraq qeyd edə bilərik ki, bu Qələbənin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmçinin igid əsgər və zabitlərimizdir. Xarici hərbi ekspertlərin, eyni zamanda, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələri təhlil edən hərbi analitiklərin də fikrincə, sentyabrın 27-də Azərbaycanın erməni hərbi birləşmələrinin təxribatlarına cavab olaraq başlayan 44 günlük İkinci Qarabağ müharibəsi dünyada döyüş əməliyyatlarının aparılması taktikası sahəsində ciddi dəyişikliklərə səbəb olacaq”.
Mərasimdə Vətən müharibəsi şəhidləri Elvin Kazımovun və Kamran Kazımovun məzarları ziyarət olunaraq üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.