Musiqi məktəbində “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

6 Oktyabr 2021 13:31 (UTC+04:00)

G.Şaroyev adına 35 saylı onbirillik Musiqi Məktəbində “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, aparıcı, məktəbin müəllimi Nərmin İsgəndərova qonaqları salamlayıb, doğma müəllimlərin peşə bayramının uzun fasilədən sonra doğma məktəbdə qeyd edilməsindən məmnun olduğunu bildirib.

N.İsgəndərova tarixə ekskurs edərək xatırladıb ki, hələ 1966-cı il 5 oktyabr tarixindən YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı Beynəlxalq sənəd imzalanmışdır: "1994-cü ildən həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Bu bayramı öncəkilərdən fərqləndirən cəhəti var. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və igid oğullarımız sayəsində biz artıq öz ərazi bütövlüyünü bərpa etmiş suveren ölkə vətəndaşıyıq. Əbəs deyil ki,hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdriklik və səbrlə bizə öyrətmiş və öyrədir.

Müəllim haqqında fikirlərimi Ümummilli Lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim: “Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim!". Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur”. Bu gün məktəbimizdə daha bir əlamətdar hadisəni də qeyd edim, bizimlə bu zalda məktəbimizin yeni direktoru, əksəriyyətimizin yaxşı tanıdığı və sevdiyi, öncəki illərdə məktəbimizdə tədris hissə müdiri işləmiş Vəfa Həziyeva və məktəbimizə yenicə təyin olunmuş tədris hissə müdir Niyaz Qəhrəmanov əyləşib. Onları ürəkdən təbrik edir və işlərində uğurlar arzu edirik. İcazənizlə sözümü N.Kəsəmənlinin şeiri ilə davam etmek istəyirəm.

Körpə ürəklərdə günəş tək yanan,

Çətin sınaqlarda məğrur dayanan,

İstəyi, arzusu çağlayan ümman,

Həyatın ən uca sözüdür müəllim.

Odur insanlara düz yol göstərən,

Gözünün nurunu gözlərə verən,

Həyatda əyrini, doğrunu görən,

Dünyanın möhtəşəm düzüdür müəllim.

Ziyalı olmasa kor olar millət,

Caynaqlar altında hey çəkər zillət,

Sənətin hamısı gözəldir, əlbət,

Bütün peşələrin gözüdür müəllim.

Bilirsiniz musiqi yaxşı əhvali-ruhiyyə, mənəvi tərbiyə, emosional tarazlıq və mənəvi inkişafa imkan yaradır. O həmçinin fiziki sağlamlıq üçün də faydalıdır, çünki bədən xəstələnəndə qəlb də zəifləyir. Yaxşı musiqi isə qəlbi sağaldaraq bədənə sağlamlığı qaytarır.Ona görə gəlin indi sözü musiqiyə verək".

Sonra tədbir G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin “Müəllimlər günü"nə həsr olunmuş konsert proqramı ilə davam edib. Proqramda:

1. Ü.Hacıbəyli “Fantaziya № 2“, ifa edirlər: D. Axundova və N. İsgəndərova

2. N.Əliverdibəyov “Elegiya“, ifa edir: Z.Şıxəliyevə , konsertmeyster D.Axundova

3. “Kürdilihicazkardan əsintilər“, ifa edirlər: Bəkir və Leyla Küçükaslan

4. Monti “Çardaş“, ifa edir: Q.Məmmədov , konsertmeyster: A. İsmayıllı

5. Sevinc Əliyeva “Elegiya“, ifa edir: N.Salayevə , konsertmeyster S.Əliyeva

6. Z.Bağırov “Rapsodiya“, ifa edirlər '.D.Axundova və C.Səmədzadə

7. V.Adgözəlov “Qərənfil“, ifa edir: S.Mürsəlov, konsertmeyster L.Bağırzadə

8. Puççini “Laurettanın ariyası“, ifa edir: J.Məmmədova , konsertmeyster L.Bağırzadə

9. Q.Hüseynli “Ay işığında“, ifa edir: Q.Məmmədov, konsertmeyster J.Məhərrəmova

10. İ. Abdullayev “İthaf“, ifa edir: V.Əhmədli

11. Popuri, ifa edir: S.Mürsəlov və B.Hüseynov

12. M.Maqomayev “Azərbaycan“, ifa edir: İ.Nəzərov, konsertmeyster S.Mustafayeva

13. Dilkeş təsnifi. Ə.Əhmədov, ifa edir: tarda E.Məmmədyarov, kamançada B.Əliyev

Tədbirin sonunda məktəbin direktoru Vəfa Həziyeva çıxış edərək müəllim kollektivinə öz dərin minnətdarlığını bildirib və belə tədbirlərin tez-tez keçirilməsində fəal olmaqlarını arzu edib. Sonra Azərbaycan dövlətinə, dövlətimizin rəhbəri cənab İlham Əliyevə, incəsənətimizin hamisi, I vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib ki, müharibənin qələbə ilə nəticələnməsində onların danılmaz xidmətləri olub.

Daha sonra məktəbin direktoru qeyd edib ki, 2 ilə yaxın idi məktəblərdə koronovirusla əlaqədar olaraq heç bir tədbir keçirilmirdi, artıq bu səbəblər aradan götürülür: “Bizim üzərimizə isə bir vəzifə düşür: işləmək, şagirdlərə musiqi savadı vermək!”.

Məhəmmədhəsən Məmmədov