Çörək yeyək, yoxsa yeməyək? - XƏBƏRDARLIQ! - MÜSAHİBƏ

6 Oktyabr 2021 10:26 (UTC+04:00)

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Suyu necə qəbul etməliyik? İsti, soyuq, ilıq və yaxud da qaynadılmış şəkildə, yəni necə olmalıdır?

- Su orqanizm üçün çox vacibdir və gün ərzində digər mayeləri saymadan, su qəbul etməliyik. Hər kiloqram bədən çəkisinə görə 30 ml suyun qəbulu normal sayılır. Yəni, bu, ən normal qədərdir.
Ümumiyyətlə isə, ən ideal su otaq temperaturunda olandır. Bu şəkildə qəbul etsək, orqanizmə heç bir ziyan vurmaz. Ancaq soyuq şəkildə qəbul ediriksə, dişlərimizdən tutmuş, qida borusu və mədəyə qədər zərər vermiş oluruq. Həddindən artıq soyuq su dişin minasını zədələyir və bir müddət sonra çatlar əmələ gəlir. Bu da ağrılara səbəb olacaq. Həmçinin, iltihablaşmanın da məncəyi, məhz soyuq sudur.

- Şəhərimizdə əksəriyyətimiz bina evində yaşayırıq və binanın da su anbarı var. Su bu anbara yığılır və sonra biz ondan istifadə edirik. Bunun nə kimi zərəri var?

- Bu anbarların təmizlənib-təmizlənmədiyi məlum deyil. Hər birimiz şahid olmuşuq ki, sudan çox zaman xlor iyi gəlir. Bu, o deməkdir ki, anbarda xlorlanma prosesi yeni həyata keçirilib. Ona görə bu suları mütləq qaynatmaq lazımdır.

- Marketlərdə olan çörəyin keyfiyyəti sizi qane edir?

- Biz uzun müddətdir ki, bu çörək məsələsi ilə bağlı mübarizə aparırıq və hər zaman aktual məsələ olub. Azərbaycan xalqı çörəkdən çox istifadə edir. Bu əhalinin ən çox tələbat duyduğu qida məhsuludur. Çörəkdə ən böyük problem isə onun açıq şəkildə satılmasıdır. Satışda olan bir çox çörəklərin tərkibi məni qane etmir. Bu günləri bütün yaşlarda kifayət qədər xərçəng xəstəliyinə rast gəlirik ki, bunun da səbəbi çörəkdir. Bu çörək zavodlarından asılı olan bir şey deyil. Problem buğdadadır. Buğdanın kəpək və rüşeym hissəsi ayrılır. Həmin bu maddə isə orqanizm üçün çox vacibdir və xərçəngdən qoruyur. Bu olmadıqda isə, çörək kəpəklə rüşeymin nişastasından hazırlanır. İndiki çörəklərdə isə bu qoruyucu hissə yoxdur.
Digər problem isə selofan paketlərdə olan çörəklərdir ki, bu da bir çox hallarda isti-isti selofana yığılır. Bu isə çörəyin tərkibini tamamilə zərərli maddəyə çevirir. Selofanda alınan çörəyi evə gətirən kimi selofandan azad etmək lazımdır. Taxtadan olan çörəkqablarında çörək saxlamaq daha yaxşıdır. Qeyd edim ki, çörəyi maksimum 2 və 3 gün saxlamaq olar.

- Evdə çörək bişirmək istəyənlərə nə tövsiyə edirsiniz?

- Çörək xəmiri hazırlayarkən içərisinə isladılmış və əzilmiş lobya (paxla) əlavə etdikdə həddindən artıq faydalı bir çörək əldə edirik. Həmçinin, noxud da ola bilər.

- Bir sıra mənbələrdə deyilir ki, un məmulatları immuniteti öldürür. Bu, doğrudurmu?

- Bəli, həm immuniteti öldürür, həm də qanda şəkəri sürətlə qaldırır və sürətlə də aşağı salır. Bu, o demək deyil ki, məsələn, makaron tamamilə zərərlidir və biz onu qida rasionundan çıxarmalıyıq. Müəyyən miqdarda qəbul etmək olar. Bir dolu boşqab makaron yemək düzgün deyil. 150 qram yeyilsə kifayətdir. Həmçinin, xəngəl də buraya daxildir.

- Artıq mövsümü olduğu üçün bir çox insan turşu bağlayır. Bəs, burada qaydalar necə olmalıdır? Ümumiyyətlə, turşu necə qoyulmalıdır ki, insan orqanizminə zərər verməsin?

- Turşular içində ən faydalı hesab etdiyim zeytun turşusudur. Bəzən düşünürlər ki, zeytun turşusu hazırlamaq çətindir. Amma bu, o qədər də çətin deyil. Sadəcə olaraq, bir az əziyyətlidir. Zeytun turşusu hazırlayarkən onun acılığını çıxartmaq üçün kimyəvi maddədən istifadə edirlər ki, mən buna tamamilə qarşıyam. Yaxşı olar ki, zeytunu suya əlavə edib ya döymə üsulu, ya da bıçaqla 4 tərəfini kəsib suda saxlayaq. Lakin mütləq hər gün su dəyişilməlidir. Bundan başqa, kələm turşuları da həddindən artıq faydalıdır. Həm də tərkibində C vitamini var.

- Deyirlər limonun qabığında xeyli vitamin var. Bəs, bu qabıqdan hansı məqamlarda istifadə etmək olar?

- Qabığını kim yeyə bilirsə yesin. Amma belə götürdükdə mətbəxdə də müəyyən salatlar hazırlayarkən, rəndədən keçirib istifadə etmək olar. Piroqlara da rəndələyib qatmaq olar. Həmçinin, dəniz məhsulları salatında da istifadə etdikdə çox ləzzətli olur.

- İnsan gün boyu hansı qidanı qəbul etsə, özünü daha çox gümrah hiss edər? Belə bir qida var?

- Bəli, var. Əgər həm cavan qalmaq, həm də orqanizmimizi güclü etmək istəyiriksə, bu, ilk növbədə, miqdarında mövsümi meyvə tərəvəzdən asılıdır. Daha çox tünd meyvə və tərəvəzlər faydalıdır. Məsələn, qarağat, qaragilə, qara üzüm, nar və s.

Ayşən Vəli