"SafeNet" MTT mühəndislik mərkəzinin eksperti İqor Bederov "Facebook" servislərinin bütün dünyada çökməsinin ilkin səbəbini açıqlayıb.
Rus saytına müsahibəsində Bederov qeyd edib ki, bu, DNS (Domain Name System) - domenlər haqda informasiyanın alınması üçün paylayıcı kompüter sisteminin işindəki nasazlıqla əlaqədardır.
"Mümkündür ki, bu, DNS-lə bağlı olsun. O, qəşəng görünməyən IP ünvan əvəzinə istifadəçilərin mətn linkinin ünvanını yazması üçün istifadə olunur. Hazırda IP ilə keçid işləyir, domen adı ilə keçid isə yox", - ekspert bildirib.
O xatırladıb ki, istənilən problem şirkətin bazar qiymətinə, müştərilərə xidmət göstərməsinə təsir edir.
"Ancaq yaxın gələcəkdə bu çöküşdən şirkətin böyük məbləğdə pul itirəcəyi gözlənilmir", - Bederov deyib
Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda Facebook, Instagram və WhatsApp istifadəçiləri tətbiqlərin işləmədiyindən şikayətləniblər.
Bu barədə populyar internet resurslarının işində problemləri izləyən Downdetector saytında məlumat verilib.
"Facebook"un istifadəçiləri saytın işləməməsindən, eləcə də serverə qoşulmaqda problem yaranmasından şikayətlənirlər. Instagram və Whatsapp-da da mesaj göndərmək, serverə qoşulmaq çətinləşib.
Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, problemlər qlobal xarakter daşıyır.